...

Hikmət Çətin: ATƏT-in Minsk qrupuna yeni ideyalar lazımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Sentyabr 2013 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiyasiyasının 2-ci "Dəyişən Dünyada Cənubi Qafqaz" adlı forumun Azərbaycan Diplomatik Akademiyasında keçirilən "Cənubi Qafqazda uzun müddət davam edən münaqişələr: mürəkkəb vəziyyətdən şıxış yolu" adlı paneldə çıxışı zamanı deyib.

H.Çətin qeyd edib ki, hazırda Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır: "Həmin ərazilərdən 1 milyondan artıq insan qaçqın və məcburi köçkündür. Bütün bunlar aydın göstərir ki, münaqişənin ədalətli və davamlı həlli tapılmalıdır. Problem həll olunmalıdır".

Keçmiş nazir vurğulayıb ki, uzun müddət davam edən münaqişələr zəhər kimidir və regionun iqtisadi inkişafının qarşısını alır: "Yaxın Şərq, Balkan və Cənubu Qafqazdakı münaqişələr bizi bir cox suallar qarşısında qoyur. Cənubi Qafqazda hazırda 3- 4 münaqişə var və onlar bu mühüm regionun təhlükəsizliyinə mənfi təsir göstərir, qonşularla əməkdaşlığın qarşısın alır. Dağlıq Qarabağ münaqişəsi regionda sabitlik, təhlükəsizliyin qorunması üçün həll olunmalıdır".

H.Çətin deyib ki, Dağlıq Qarabağ münaqişəsinin vacib tarixi var və bu, sovet dönəmindən yaranıb.

Sabiq xarici işlər naziri deyib ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu uzun illər fəaliyyət göstərsə də, konkret nəticə əldə etməyib.

Onun sözlərinə görə, Minsk qrupuna yeni ideyalar lazımdır: "Azərbaycan yenidən 20 il gözləyə bilməz. Minsk qrupuna yeni ideyalar yaratmaq və irəli sürmək lazımdır. Qarabağ münaqişəsinin həll olunmaması beynəlxalq təhlükəsizlik qarşısında problem yaradır. Azərbaycan ərazisinin işğalı nəticəsində bəzi vacib iqtisadi əməkdaşlıqların qarşısı alınır. Beynəlxalq münaqişə uzandıqca həlli daha da çətinləşir. Kipr, Abxaziya, Osetiya münaqişəsinin həlli daha asandır, nəinki Qarabağın".

O xatırladıb ki, Qarabağ və ətraf 7 rayon işğal olunub: "Biz münaqişənin həllinə addım-addım, mərhələ-mərhələ başlaya bilərdik, amma əsas ABŞ və Rusiyanın dəstəyi vacibdir.

H.Çətinin fikrincə, diaspora bu mürəkkəb vəziyyətdən xaric olunmalıdır: "Ermənistan dərk etməlidir ki, bu diaspora məsələsi deyil. Onların münaqişəyə zəncirvari dəstəyi var."

Münaqişənin həllini necə görməsindən danışan keçmiş nazir deyib ki, birinci mərhələdə 5 rayon azad edilməli, ondan sonra Azərbaycan, Türkiyə Ermənistan bir araya gəlib müzakirələrə başlaya bilər, o cümlədən sərhədlərin açılması məsələsini də. Daha sonra Qarabağın statisunun müzakirəsinə başlamaq olar. İlk mərhələdə 5 rayonun azad edilməsi, Ermənistan qoşunlarının çıxarılması və rayonların bərpası vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti