...

Lord Flayt: BMT Təhlükəsizlik Şurasında sədrlik Azərbaycanın şöhrətini artıracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2013 15:34 (UTC +04:00)
Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistanın öz qoşunlarını çıxarmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının vaxtı çoxdan çatıb.
Lord Flayt: BMT Təhlükəsizlik Şurasında sədrlik Azərbaycanın şöhrətini artıracaq

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistanın öz qoşunlarını çıxarmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının vaxtı çoxdan çatıb.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) Trend-ə verilən məlumata görə, bunu Böyük Britaniya Mühafizəkarlar Partiyasının London şəhəri üzrə xüsusi səlahiyyətlərə malik sədrinin müavini lord Flayt AAC tərəfindən ona ünvanlanan "Trans-Adriatik" boru kəməri (TAP) layihəsi, Britaniya investisiyalarının Azərbaycan iqtisadiyyatına yatırımı, Azərbaycanın beynəlxalq sülhməramlı missiyalarda iştirakı, ölkəmizin BMT Təhlükəsizlik Şurasında sədrlik etməsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallara cavabında bildirib.

Lord Flaytın fikrincə, gələn ay BMT Təhlükəsizlik Şurasına sədrliyin Azərbaycana keçməsi Azərbaycanın qlobal aləmdə tanınması üçün çox vacib məqamdır. Azərbaycanın yaxşı sədrlik edə bilməsi onu daha çox tanıdacaq və şöhrətini artıracaq.

O, həmçinin hesab edir ki, Azərbaycanın İraq, Kosovo və Əfqanıstana sülhməramlı qoşunlar göndərməsi Qərbdə daha yaxşı təbliğ olunmalı və bu məsələ geniş ictimaiyyətə çatdırmalıdır.

Bununla yanaşı, lord Flayt iqtisadi layihələrə dair fikirlərini də açıqlayıb: "Yeni "Trans-Adriatik" boru kəməri böyük strateji əhəmiyyətə malikdir və Azərbaycanın Qərbi Avropadakı nüfuzunun artırılmasına xidmət edəcək, həmçinin Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verəcək.

2013-cü ilin ilk rübündə Böyük Britaniya özünün Azərbaycana birbaşa xarici investisiyasını 44,1 faizə çatdırmaqla bu ölkədə ən böyük xarici sərmayədara çevrildi. Böyük Britaniyanın Azərbaycanda ən böyük birbaşa xarici sərmayədar olmasından məmnunluğumu bildirirəm və bu, Böyük Britaniyanın Azərbaycana qarşı mövqeyində, əlbəttə ki, əhəmiyyətli faktdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti