Azərbaycan, Bakı, 2 oktyabr / Trend, müxbir S.Əhmədova /
Edvard Nalbandyanın səsləndirdiyi tənzimləmə prinsipləri Dağlıq Qarabağa dair beynəlxalq sənədlərin heç birində yoxdur. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib: "ABŞ-ın Kaliforniya ştatının nümayəndə heyəti və Böyük Britaniya parlamentariləri Dağlıq Qarabağa səfərdən imtina etdilər. Kaliforniya ştatının parlamentinin spikeri C.Peres qondarma qurumun de-fakto prezidenti B.Saakyanla Yerevanda görüşdü. Bunlar beynəlxalq ictimaiyyətin, nüfuzlu ölkələrinin rəsmilərinin Dağlıq Qarabağa Ermənistan ərazisi vasitəsilə getməsindən narahatlığının göstəricisidir. Qərbin bəzi populyar kütləvi informasiya vasitələri Azərbaycan ərazisi vasitəsilə Dağlıq Qarabağa səfər etməklə bağlı müraciət edib".
Politoloqun sözlərinə görə, Böyük Britaniya və ABŞ-ın Ermənistandakı səfirlərinin son bəyanatları onların öz ölkələrinin təmsilçilərinin Dağlıq Qarabağa səfərlə bağlı qərarlarına təsir etməyə qadir olmadığını göstərir:
"ABŞ-ın Ermənistandakı səfirini girov götürülmüş şəxs kimi qəbul etmək olar. Ermənistanla bağlı aşkar həqiqətləri görməyən, inkar edən səfir Azərbaycanın Ermənistana ucuz qaz vermək, iqtisadi layihələrə qoşmaqla bağlı təklifinə zərrə qədər münasibət bildirməyib. Ermənistanın xilası yalnız Azərbaycanla iqtisadi əlaqələr vasitəsilə mümkündür. Səfir bu həqiqəti bilir, amma danışa bilmir. Çünki özünün və ya ailəsinin başına nəsə bir iş gələ bilər. Bu baxımdan ABŞ və İngiltərə parlamentarilərinin Dağlıq Qarabağa səfərlərinin baş tutmamasının səbəbkarlarını ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlərini hesab edirik".
M.Əhmədoğlu bildirib: "ATƏT MQ-nin ABŞ-dan olan yeni həmsədri C.Uorlik regiona səfərini bitirib Vyanada ATƏT sədrilə görüşdükdən sonra verdiyi açıqlamada insanlar və icmalararası dialoq vasitəsilə etimad tədbirlərinin möhkəmləndirilməsinə xüsusi diqqət ayrılacağını bildirdi".
Onun sözlərinə görə, etimad tədbirlərinin möhkəmləndirilməsi kimi insanlar və ya icmalararası dialoqa prioritet verməsi ermənilərin mövqeyinin əleyhinə getməsi anlamındadır: "Ermənilər isə əsas etimad tədbiri kimi snayperlərin geri çəkilməsini görürlər. Bu amilə görə ermənilərin həmsədrdən ciddi gözləntiləri yoxdur".
M.Əhmədoğlunun sözlərinə görə, baş verənlərin E.Nalbandyana təsiri yoxdur: "E.Nalbandyanın BMT BA-dakı çıxışında səsləndirdiyi "Azərbaycanın indi terrorçu qruplaşmalara bağlı muzdlulardan istifadə etməsi" fikri Azərbaycanın BMT TŞ-yə sədrliyinə Ermənistanın paxıl və qısa yalandan ibarət reaksiyasıdır. E.Nalbandyanın həmin çıxışındakı digər yalanı beynəlxalq aləmə daha bir hörmətsizlikdir: "1,5 milyon erməni xristian olduğuna görə öldürülüb. Ona görə onlar müqəddəslik statusuna malik olmalıdırlar. İki erməni kilsəsi (Erməni Apostol Kilsəsi və Yüksək Kilikiya Evi) son 4 əsrdə ilk dəfə birgə sinoidal toplantısını keçirib Türkiyədə ölmüş erməniləri müqəddəs elan ediblər.
Politoloqun sözlərinə görə, ermənilər üçün tarixi saxtalaşdırmaq, xristianlıqdan siyasi mübarizə vasitəsi kimi istifadə etmək çox asandır: "Osmanlı imperiyasında yaşayan 1,5 milyon erməni xristian olduqlarına görə öldürülməyiblər. Ermənilər Osmanlı dövründə yeganə qeyri-müsəlman xalq idi ki, onlara dinə görə vergi tətbiq edilməmişdi; tam xristian kimi fəaliyyət göstərirdilər.Osmanlı hökumətində 11 nazir milliyətcə erməni olub. Erməni xristianlığı Osmanlının Avropaya hücumları və idarə olunmasında bu imperiyanın ən əsas aləti olub. Avropadakı Osmanlı ordusu ermənilərin ən ön sırada olduğu yeniçərilər ibarət idi. Ermənilərə davranışlarına görə osmanlılar "milləti-sadiqə" ("sadiq millət") adını vermişdilər".
M.Əhmədoğlunun sözlərinə görə, erməni kilsələri Türkiyədən öz mülklərini tələb etmək və Dağlıq Qarabağa yardım fondu yaratmaq niyyətindədirlər:
"Ermənilər üçün antiazərbaycançılıq və antitürkiyəçilik mövcudluq vasitəsidir. Daha bir fakt Ə.Hümbətovun Yerevana və Dağıq Qarabağa səfəridir.Vaxtilə Dağlıq Qarabağda ermənilərə qarşı amansız döyüşlər aparmış, 200 yüzə yaxın erməni öldürmüş Ə.Hümbətovun Yerevana və Dağıq Qarabağa səfəri erməniləri rüsvay etdi, onların iç üzünü açdı: İki yüzə yaxın erməni öldürüb iki dəfə antiazərbaycan mühazirə oxumaqla ermənilərin mövqeyini dəyişmək olar".