Azərbaycan, Bakı, 12 may /Trend, müxbir S.Əliyev/
"Fransanın, Avropanın mövqeyi ilə bağlı artıq xəbərdarsınız ki, Avropa, Fransa ölkənin ərazi bütövlüyünü daim yüksək qiymətləndirir və onu dəstəkləyir. Biz mövcud olan münaqişələrin danışıqlar yolu ilə həll edilməsinə cəhd göstəririk. Bu, eyni zamanda Qafqaz səfərimizin əsas məqsədidir". Trend-in məlumatına görə, bunu Bakıda Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında çıxışında deyib.
Fransa Prezidenti bildirib ki, bu gün axşam Ermənistanda olacaq: "Nəyə görə? Çünki bu gün artıq 20 ildir ki, Qarabağ münaqişəsi ilə bağlı atəşkəs sazişi imzalanıb, qüvvəyə minib. Bu müddət ərzində hələ də böyük irəliləyişlər əldə edilməyib. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın da üzərində böyük məsuliyyət düşür. Biz də bu münaqişənin həlli, eyni zamanda, etimadın bərpa edilməsi üçün öz tərəfimizdən müəyyən səylər göstərməliyik".
Fransua Olland bildirib ki, günortadan sonra bu danışıqlar Ermənistanda da davam etdiriləcək. Onun sözlərinə görə, Fransa daim bu münaqişənin həll olunmasına səy göstərir.
Fransa Prezidenti Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə bağlı sualı cavablandırarkən deyib: "Fransaya bir növ onun məsuliyyətini xatırlatdınız, çox vacib bir suala toxundunuz. Fransa ATƏT-in Minsk qrupuna həmsədrlik edir və uzun müddətdir ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həlli üçün müxtəlif yolların axtarışındadır. Ancaq hələ də bəzi vəziyyətlər var ki, onlar münaqişənin həllinə imkan vermir. Əgər mən bu səfəri həyata keçirirəmsə, Azərbaycan, sonra da Ermənistana gedəcəmsə, bu, onu göstərir ki, mən çalışıram əsas prinsipləri bir daha xatırladım və münaqişənin həlli yolunda müəyyən səylər göstərək. Digər tərəfdən, bu da eyni zamanda həqiqətdir ki, Fransanın həm Azərbaycanla, həm də Ermənistanla dostluq əlaqələri mövcuddur, biz bunların ikisinin arasında hansısa birini seçə bilmərik. Mən Prezident İlham Əliyevə bildirdim və prezident Serj Sarkisyana da deyəcəm ki, biz səylərimizi birləşdirməliyik".
Onun sözlərinə görə, əsas səy iki prezidenti görüşdürməkdir: "Yeni irəliləyişlər əldə etmək üçün Dağlıq Qarabağ münaqişəsinin həlli dosyesinə yenidən baxmalıyıq. Çünki bu münaqişə eyni zamanda regionun inkişafına mane olur. Fransa həmişə fəal olub və həmişə də bu münaqişənin həlli yollarını axtarmağa çalışır, daim təşəbbüslər göstərir. Mənə elə gəlir ki, biz prinsiplər üzərində qəti olmalıyıq, qətiyyətlə prinsiplərin həyata keçirilməsinə çalışmalıyıq və eyni zamanda dialoq prinsipinə daha çox üstünlük verməliyik".