Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ATƏT-in Minsk qrupunun həmsədrlərini tənqid edib.
Trend-in məlumatına görə, Laçın rayonunun işğalının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı Ə.Həsənov qeyd edib ki, hər həmsədr 3-4 il çalışır, bölgəyə turist səfərləri edir, böyük maaşlar alıb gedirlər, ortada isə heç bir nəticə yoxdur.
Baş nazirin müavini Minsk qrupunun həmsədrlərinin təklif etdiyi 6 prinsipdə Laçın dəhlizinin açılması məsələsinə də münasibət bildirib. Ə.Həsənov vurğulayıb ki, hər dəfə bir məsələ ortaya atılır, 5 il onun ətrafında müzakirə gedir: "Ermənilər Rusiyada da, İranda da Gürcüstanda da, ABŞ və Avropada da yaşayırlar. Ermənilər Laçını işğal etdilər, dedilər dəhliz yaradırlar, Kəlbəcəri işğal etdilər, dedilər bufer zona yaradırlar. Ermənilər Rusiyanın Stavropol və Krasnodar vilayətlərində kompakt yaşayırlar, deməli, oradan da Ermənistana dəhliz açmalı, koridor yaratmalıdırlar? ABŞ və Avropada ermənilərin kompakt yaşadığı yerlərdə də dəhliz açılmalıdır? Yaxud hansısa ölkədə milyonlarla azərbaycanlı yaşayır, biz də humanitar koridor istəyək?"
Ə.Həsənov bu məsələdə dünya ictimaiyyətinin də laqeyd olduğunu diqqətə çatdırıb: "Bəs niyə dünyanın heç bir ölkəsi ermənilərə demir ki, düzgün yola gəlin? Sözümün canı odur ki, bu gün qondarma təkliflərin mahiyyəti münaqişənin həllinin uzadılmasıdır".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" adlı məruzə ilə çıxış edərkən qeyd edib ki, istənilən sülh sazişinin əsasında aşağıdakı altı element durmalıdır:
1. Dağlıq Qarabağın aralıq statusu müvəqqəti xarakter daşımalıdır. Tərəflər gələcəkdə uyğunlaşdırılmış və öz iradəsini hüquqi baxımdan ifadə etmək vasitəsi ilə bölgənin yekun hüquqi statusunu müəyyən etməkdə tam qətiyyətli olmalıdırlar.
2. Bakı tərəfindən hazırda nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin sərhədləri çərçivəsində ərazilərə ən azı təhlükəsizliyi və özünü idarəetməni təmin edən aralıq statusu verilməlidir.
3. Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər Azərbaycanın yurisdiksiyasına qayıtmalıdır və bu rayonlar üzərində Azərbaycanın müstəqilliyi bərpa olunmalıdır. Bu ərazidə Azərbaycanın suverenliyini pozan heç bir yaşayış məntəqəsi olmamalıdır.
4. Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizi saxlamaq lazımdır. O, təhlükəsiz keçidi təmin etmək üçün kifayət qədər geniş olmalıdır, lakin bütün Laçın rayonunu əhatə etməməlidir.
5. Uzunmüddətli sülh müqaviləsi bütün qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu etiraf etməlidir.
6. Sülh sazişi beynəlxalq təhlükəsizlik zəmanətini təmin etməlidir, o cümlədən sülhməramlı fəaliyyət daxil olmaqla mənsub olduğu bütün tərəflər arasında etimad olmalıdır.