...

Mübariz Əhmədoğlu: Marqvelaşvilinin Ollandla Dağlıq Qarabağ tənzimlənməsinin səmərəli müzakirəsi Cavaxetiya probleminin qarşısını ala bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2014 10:49 (UTC +04:00)
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Fransa Prezidenti Fransua Ollandın dəvətilə Fransaya səfəri zamanı Gürcüstana və regiona aid məsələləri müzakirə etməsi nəzərdə tutulmuşdur. Gürcüstan Azərbaycan və Ermənistanın qonşusudur.
Mübariz Əhmədoğlu: Marqvelaşvilinin Ollandla Dağlıq Qarabağ tənzimlənməsinin səmərəli müzakirəsi  Cavaxetiya probleminin qarşısını ala bilər

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlkin İzzət/

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Fransa Prezidenti Fransua Ollandın dəvətilə Fransaya səfəri zamanı Gürcüstana və regiona aid məsələləri müzakirə etməsi nəzərdə tutulmuşdur. Gürcüstan Azərbaycan və Ermənistanın qonşusudur. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin mahiyyətinin qavranmasında Gürcüstan Qərb üçün ən obyektiv mənbələrdən biridır. Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, rəsmi Tbilisi bu statusundan indiyədək obyektiv şəkildə istifadə etməyib: "Gürcüstan Aİ ilə Assosiativ müqaviləni imzalayan kimi Abxaziya, Cənubi Osetiya və Cavaxetiya regionu Gürcüstan üçün bu tarixi hadisəyə dərhal reaksiya verdilər. Cənubi Osetiya Rusiyanın tərkibinə birləşməklə bağlı referendum keçirmək barədə qərar qəbul etdi. Abxaziya RF-yə daha da yaxınlaşacağını bildirdi. Cavaxetiya erməniləri Gürcüstanı təbrik etdi və təbrik cümləsinin dalınca 7 maddəlik separatçı tələblərini ortalığa qoydu; əsil erməni mövqeyi nümayiş etdirdilər. Gürcüstanın ermənilərlə məskunlaşmış Cavaxetiya regionunda separatizm Ermənistan, Ermənistan isə RF tərəfindən idarə olunur. Cavaxetiya məsələsi ABŞ-dakı ermənilərin də xüsusi diqqət mərkəzindədir. ABŞ-dakı ermənilər Cavaxetiya ermənilərini müstəqil tərəf kimi göstərirlər və bu istiqamətdə müəyyən qədər özləri üçün uğur əldə ediblər. Gürcüstandakı erməni separatizminin idarəçiliyinin indiki mərhələsi, görünür aktivləşmə tələb edir. Ona görə nisbi sabitliyi pozub ortalığa tələb qoydular. Gürcüstanın Aİ-lə Assosiativ müqavilə imzalamasına bəzi qonşu dövlətlərin mövqeyi bəllidir".

Politoloq bildirib ki, Fransadakı erməni diasporu da Gürcüstandakı erməni diasporu kimidir: "Yaşadıqları dövlətin imkanlarından öz maraqları üçün bəhrələnirlər. Fransadakı 500 minlik erməni diasporu sağlam güclü olsaydı Ermənistanla Fransa arasında illik mal dövriyyəsi 81,9 milyon dollar olmazdı, ən azı 500 milyon dollar olardı. Fransadakı erməni diasporu Fransa-Ermənistan münasibətlərinin inkişafına deyil, Fransa-Türkiyə və Fransa -Azərbaycan münasibətlərində düşmənçiliyin inkişafına xidmət edirlər".

M.Əhmədoğlu hesab edir ki, Olland Dağlıq Qarabağ problemini təkcə Ermənistanda və Azərbaycanda deyil, həm də Gürcüstanda müzakirə edən yeganə prezidentdir. Olland bu məsələdə Gürcüstanın aktivləşməsində maraqlıdır və bunun effekt verəcəyinə inanır: "Olland Ermənistanda olarkən Dağlıq Qarabağ məsələsilə bağlı ermənilərin tapdığı həlli düzgün həll hesab etmədi. Olland Dağlıq Qarabağ münaqişəsinin düzgün həllini axtarır. ATƏT MQ həmsədri Fransa Xarici İşlər Nazirliyi və keçmiş həmsədr B.Fasye Dağlıq Qarabağın Azərbaycanın coğrafi ortasında olan ərazisi hesab etməklə bağlı dəfələrlə bəyanat veriblər.

Ollandın Dağlıq Qarabağ tənzimlənməsində düzgün həll axtarmasında Gürcüstan və ya Gürcüstan prezidenti onun ən yaxın istiqamətvericisi, köməkçisi ola bilər. Bununla da Gürcüstan özünün ərazisindəki erməni separatizminin növbəti, daha təhlükəli dalğasının qarşısının alınması istiqamətində preventiv addımlar atmış olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti