...

Qışa hazırlığı yaydan başlayarlar və ya soyuq qanın rezus faktoru - VAHİD MUSTAFAYEVİN HESABATI

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Avqust 2014 12:50 (UTC +04:00)
Əvvəl Söz var idi... Sonra Sözbazlıq. Sonra Sözə görə dava və Söz üstündə qırğın. Sonra ölümlər və son Söz. Axırda hər şey yenə də Sözlə qurtaracaq...
Qışa hazırlığı yaydan başlayarlar və ya soyuq qanın rezus faktoru - VAHİD MUSTAFAYEVİN HESABATI

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Əvvəl Söz var idi... Sonra Sözbazlıq. Sonra Sözə görə dava və Söz üstündə qırğın. Sonra ölümlər və son Söz. Axırda hər şey yenə də Sözlə qurtaracaq...

Keçən həftə cəbhədə 10-dan çox Azərbaycan əsgəri həlak oldu. Onlar Vətəni qoruyurdular və düşmənə bir qarış torpaq da vermədilər, onun əvəzinə həyatlarını verdilər, ona görə ki, Söz vermişdilər analarına, atalarına, sevdiyi qızlara, Vətənə... Sonra onlar Sözü verdilər bizə və indi bizi dinləmək istəyirlər:

1-ci Söz - Silah

Haradasa üç həftə bundan əvvəl Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Argentinanın "La Nacion" və "Clarin" qəzetlərinə verdiyi müsahibədə son vaxtlar Rusiya və Azərbaycan arasında münasibətlərin istiləşməsinə işarə edərək erməni xalqının narahatlığını bildirmişdi. Serj Sarkisyanın sözünə görə, Ermənistanın regiondakı strateji partnyoru olan Rusiyanın Azərbaycanla müqaviləsinə əsasən 700 milyon ABŞ dollarlıq ağır silahları satması böyük təhlükədir. Eyni zamanda, Ermənistan Prezidenti Rusiya ilə Azərbaycan arasında yeni 4 milyard ABŞ dollarlıq Hərbi-Sənaye Kompleksinin yaradılmasına dair kontraktların bağlanmasının da erməni xalqı üçün həddindən artıq ağrılı mövzu olduğunu bildirmişdi.

Çox maraqlıdır, necə oldu ki, belə bir fakt baş verdi?! Bu, Azərbaycan diplomatiyasının uğuru, yoxsa Ermənistan diplomatiyasının uğursuzluğudur?

Keçən il Azərbaycanda prezident seçkiləri ərəfəsində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana təşrif buyurması və bununla da İlham Əliyevi de-fakto dəstəkləməsi Ermənistan Prezidenti Serj Sarkisyanı bir növ təşvişə saldı və onu təcili Moskvaya uçub Avrasiya İqtisadi İttifaqına üzvlüyə hazır olduğunu elan etməyə məcbur etdi. Bu addım o qədər tələsik və düşünülməmiş idi ki, Ermənistan rəhbərliyi bu qurumun üzvü olarsa, Azərbaycanla bütün sərhəd boyu (Qarabağ daxil) gömrük postlarının yaradılması zərurətini belə unutmuşdu. Və məhz bu fakt bu gün Ermənistan və Rusiya rəhbərliyi arasında böyük problem yaradıb və üzvülük məsələsinin həllini yubadır.

Vladimir Putinin Azərbaycana həmin səfəri həm də son vaxtlar həddindən artıq müstəqillik nümayiş etdirən, hətta Rusiyaya qarşı olan Vilnüs sammitinə qatılmaq istəyən Ermənistan rəhbərliyinə təmbeh dərsi və layiq olduqları yerin göstərilməsi idi ki, bu da alındı və rəsmi Yerevan həyacanla dolu ağır günlər yaşadı.

Bəs bu dəfə Ermənistan rəhbərliyi nədən çəkinir? Bəlkə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri və ondan sonra mətbuatda "Rusiya işğal olunmuş üç rayonun qaytarılmasını təmin etsə, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmaq haqqında müzakirələrə başlaya bilər" kimi məqalələr ciddi rol oynadı.

Ermənistan establişmenti panikadadır və yenə də qeyri-adekvat hərəkətlərə yol verir, səhvlər buraxır, bu dəfə Rusiyanı satqınlıqda ittiham edir. Araya atdıqları Silah mövzusu Ermənistan politoloqlarının zəifliyi və geridə qalmış texnologiyalara müraciət etdiklərini nümayiş edir. Belə ki, Silah alınmasına nəzarət edən İsveç Mərkəzinin məlumatına görə, Avropada Böyük Britaniyadan sonra ən böyük silah idxalçısı olan Azərbaycanın aldığı silahların 80%-i Rusiyadan gəlir və buna səbəb mövcud sursat bazasının əsasının Rusiya silahı üzərində qurulmasıdır. Azərbaycan Rusiya silahına təzəlikcə keçməyib; son iki yüz ildən çoxdur ki, yalnız bu tip silahdan istifadə edir desək, görərik ki, məsələ heç də bunda deyil - sadəcə, Ermənistanın siyası rəhbərliyi artıq Rusiyanın regiondakı qüdrətinə olan monopoliyasını itirməkdədir. Bu isə öz növbəsində Serj Sarkisyan və onun hökuməti üçün hakimiyyəti və ümumiyyətlə, azadlığını itirməklə qurtara bilər.

Dediyim kimi, Azərbaycan tərəfinin rasional və ölçülmüş hərəkətləri Ermənistan tərəfini qeyri-adekvat və tələsik addımlar atmağa sövq edir. Şəxsən mən inanmıram ki, Serj Sarkisyanın Argentinada verdiyi müsahibəsi, Rusiyanın son zamanlar dünyada Ukrayna əməliyyatları və Malayziya təyyarəsinin vurulmasından sonrakı pis imajına xeyir gətirəcək və mən inanmıram ki, bu, başda Vladimir Putin olmaqla, Rusiya rəsmlərinin xoşuna gələcək.

Düşünürəm ki, heç kim üçün sirr deyil, Rusiyaya Avrasiya İqtisadi İttifaqında Azərbaycan Ermənistandan daha vacibdir. Son 20 il ərzində qədim mədəniyyətə malik erməni xalqına Azərbaycanın ucqar əyalətlərindən çıxan, primitiv savada malik adi kəndlilər rəhbərlik edir. Sözsüz ki, bu fakt Ermənistanın daxili və xarici siyasətinə təsir göstərməyə bilməz. Bəlkə ona görə Ermənistan öz istəyini bildirsə də, onları Avrasiya İqtisadi İttifaqına hələ də qəbul etməyiblər. Lakin Avrasiya İqtisadi İttifaqının Astanadakı sammitində İlham Əliyevin məşhur məktubu oxunandan sonra Azərbaycanın bu İttifaqa üzv qəbul olunması Rusiya üçün daha real göründü və sonuncular bu məsələnin reallaşdırması yolunda yeganə problem olan Dağlıq Qarabağ münaqişəsinin dərhal həlli istiqamətində hazırlığa başladılar. Meydana "Qarabağda Sülh" və "Sülhməramlılar" termini qayıtdı...

2-ci Söz - Sülh

Bir neçə həftə bundan əvvəl Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində özünü "prezident" adlandıran Bako Saakyanın "mətbuat katibi" David Babayan QALA telekompaniyasına verdiyi müsahibəsində demişdi: "Biz Azərbaycan-Qarabağ münaqişə zonasında kənardan müdaxilə olmadan sabitliyi qoruya bilirik. Biz dəfələrlə demişik ki, Azərbaycan-Qarabağ münaqişə zonası çox spesifikdir və burada artıq uzun müddətdir sülh və sabitlik hər iki tərəfdən qorunur - üçüncü tərəfin müdaxiləsinə zərurət yoxdur".

Çox maraqlı və gözlənilməz bəyanatdır. Mən şəxsən bu vəzifəli şəxsdən daha çox fərqli ifadələr eşitməyə vərdişliyəm. Hər brifinqdə, hər müsahibədə Bako Saakyan, David Babayan və onların dostları həmişə Azərbaycan tərəfini atəşkəsi pozmaqda günahlandırırdılar. Bu dəfə isə Azərbaycan sülh və sabitliyin qoruyucusu kimi qələmə verilir.

Düşünürəm, son illər postsovet məkanında Rusiyanın öz nüfuzunu bərqərar etmək üçün atdığı addımlar - Abxaziyanı Gürcüstandan hərbi yolla alıb onun müstəqilliyini tanıması və Rusiyaya bağlaması, Krım və Ukraynanın digər vilayətlərini həmin yolla özününküləşdirməsi Rusiyanı regiondakı ölkələr üçün daha da təhlükəli və qeyri-stabil edir. ABŞ-ın İraqı işğalı və Kosovanın müstəqilliyini tanıması, Misir, Suriya, Liviya və digər Ərəb ölkələrində baş verən hərbi-siyası xaos, İsrailin Fələstin üzərində apardığı işğalçı əməliyyatlar fonunda Rusiyanın hərəkətlərinə dünya güclülərinin münasibəti "Quid Pro Quo" yəni "Sən mənə, mən də sənə" formulu ilə tənzimlənir. Sözsüz ki, belə şərait uzun çəkməyəcək və bunu anlayan Kreml bacardığı qədər keçmiş SSRİ ərazisində öz iddialarını tələsik təmin etmək istəyir ki, təsir dairəsini maksimum genişləndirsin. Geridə qalmış ölkələr blokundan de-fakto çıxa bilməyən Rusiya özünün ərazisi çərçivəsində xalqının mövcud tələblərini hələ də təmin edə bilməməsinə baxmayaraq, yeni ərazilər marağında olmaq və ətrafını öz nəzarəti altında saxlamaq iştahı ilə öz iqtisadiyyatına və siyasi imicinə ciddi zərbə vursa da, keçmiş Rus İmperiyasını yaratmaq niyyətində israrlıdır. Hələ 19-cu əsrdə məşhur Rusiya yazıçısı Anton Pavloviç Çexov deyirdi: "Rus xatırlamağı sevir, yaşamağı yox... Rusun yeganə ümidi - iki yüz min udmaqdır!"

Orta Asiya, Ukrayna, Belarus və Şimali Qafqazda artıq öz iddia və təsirini bərpa edən Rusiyanın qarşısında indi sonuncu aşırım olaraq dadlı və ləzzətli Azərbaycan qalıb. Lakin Azərbaycan digər adıçəkilən ərazilərdən fərqli olaraq əhali sayına görə daha yüksək iqtisadi potensiala və müstəqil milli özünüdərketmə prinsiplərinə malikdir. Azərbaycanın siyasi mədəniyyətə və xarizmatik, savadlı, səbrli və dünyada stabil və peşəkar imicə malik lideri var; İlham Əliyev qısa müddətdə daxildə də, xaricdə də Azərbaycanın müstəqillik obrazını yaradıb və bir çox əsas toplular bunu artıq qəbul və həzm edib. Ən əsası isə, bunu Azərbaycan xalqı anlayıb və artıq heç vaxt kölə kimi qalmaq istəməyəcək.

Elə bu səbəbdən Azərbaycanla münasibət fərqlidir. Azərbaycanla Ermənistanı tərəziyə qoyan Rusiya fərqi çox gözəl anlayır və 1997-ci ildə Ermənistanla bağladığı "Dostluq və Qarşılıqlı Yardım Müqaviləsi"nə başqa prizmadan yanaşmağa başlayır. Böyük Britaniyanın İkinci Dünya müharibəsi zamanı Baş naziri olan Uinston Çörçillin gözəl ifadəsi yadıma düşdü: "Siyasətdə dostlar olmur - prioritetlər olur!" Bu prizmadan Rusiyanın "iki yüz min udmağı" aydındır, bəs Azərbaycanın marağı nədir?

Azərbaycan dünyada müstəqil və stabil ölkə olmaq iddiasındadır və buna tam şəkildə nail olmaq üçün ona mövcud Qarabağ probleminin həlli vacibdir. Sözsüz ki, bugünkü güclü Azərbaycan bu problemi bir həftəyə öz gücü ilə həll edə bilər, amma burada Rusiya faktoru var. Qarabağda Azərbacanın qarşısında Ermənistan yox, Rusiya durub və bütün danışıqlar bu ölkə ilə aparılmalıdır. Ermənilər isə, daha doğrusu, Ermənistan rəhbərliyi Rusiyanın dostudur və heç vaxt dostun və böyük qardaşının məsləhətindən çıxmaz. Eyni zamanda, Azərbaycan Prezidenti faktoru da burada böyük rol oynayır. İlham Əliyev Azərbaycan Prezidenti və Ali Baş Komandan olaraq ölkədə bir çox vacib inkişaf aktlarına imza atıb, amma onun özünün təbirincə desək, qarşısında duran əsas məqsəd Qarabağı və digər işğal olunmuş ərazilərimizi azad etməkdir. Məhz buna görə Baş Komandan ordusunda problem yaranan kimi şəxsən, heç nədən və heç kimdən çəkinmədən cəbhəyə gedir, əsgərinin yanında dayanır və onu qələbələrə ilhamlandırır. Onun nə Hitler, nə Stalin, nə də Napoleon kompleksi var. İlham Əliyev kimi iddialı, iradəli, qorxmaz siyasətçi, Heydər Əliyevin oğlu tarixə Azərbaycan torpaqlarını azad edən Sərkərdə kimi düşməlidir. Rəhmətlik Heydər Əliyev bunun üçün müəyyən imkanları yaradıb bu tarixi ixtiyarı oğlunun sərəncamına buraxmışdı. Lakin bunu etmək üçün tək iddia və iradə azlıq edərdi, bunun üçün bütünlükdə Azərbaycan xalqının iradəsi və dünya ictimaiyyətinin Azərbaycana münasibəti əsas rol oynayır.

Elə bu səbəbdən son 10 il ərzində İlham Əliyev Azərbaycanı nəyin bahasına olursa olsun, dünyaya mədəni, dünyəvi və multikulturalizm beşiyi kimi tanıtdırır: regionların sosial inkişafı proqramı, şəhər quruculuğu, ölkə infrastrukturu, yüzlərlə beynəlxalq konfrans və seminarlar, tarixi abidələrin bərpası, şəffaflığa doğru istiqamətlənən elektron hökumət və "ASAN xidmət"ləri, beynəlxalq festivallar, Avroviziya, ralli Formula 1 və Heydər Əliyev Fondunun keçirdiyi yüzlərlə yerli və xarici xeyriyyə və tanıtım aksiya və layihələri... Və sonda Avropada ilk Olimpiya Oyunları burada - Azərbaycanda, Bakıda keçiriləcək! Bunların hamısının səbəbi Azərbaycanı dünyaya düşmənlərin göstərdiyi kimi yox, real, olduğu kimi səviyyəli göstərməkdir, Azərbaycanı sülhsevər və Qarabağda sülhü bərqərar etmək istəyən tərəf kimi göstərməkdir!

3-cü Söz - Olimpiada

Avropa tarixində birinci Olimpiya Oyunlarının məhz Bakıda, Azərbaycanda keçirilməsi də göydəndüşmə "qüdrət halvası" deyil. Bu hadisə ciddi və ardıcıl aparılan siyasətin nəticəsidir. Bu addımlar həm də ona görə atılır ki, Azərbaycan dünyada tanınsın və 20 yanvar 1990-cı il hadisələri, Qarabağ müharibəsi və ya separatizm meylləri bir də təkrarlanmasın. Azərbaycan çiçəklənir və əhalinin rifahı düzəlir, bunun lazımi templə inkişaf edilməməsinin səbəbi yenə də Qarabağ problemidir. Yuxarıda qeyd etdiyim kimi, bu gün ölkənin əksər qazancı silah-sursata gedir və daim başlaya biləcək müharibə şəraiti üçün qorunur.

Lakin Azərbaycanın belə sıçrayışla inkişaf edib Avropanın bəbəyi olması bir sıra dövlətləri qane etmir. Bəziləri bunu açıq şəkildə bəyan edir, digərləri üzdə dost, arxadan isə namərdcəsinə zərbə vurmaq üçün məqam, səbəb və ya müttəfiq axtarışındadırlar. Ən azı bir sıra ölkələrin xalqları Azərbaycanın inkişafını görüb yararsız rəhbərlərindən narahatedici sual verir və ən azı həmin inkişafı təmin etməyi tələb edirlər. Amma həyat göstərir ki, yararsızlara gözəlliyi dağıtmaq, onu yaratmaqdandan asan və öz vətəninə və xalqına daha səmərəli qulluq etməkdən daha rahat və sərfəlidir.

Olimpiada - bu brendi öz ölkəsinə gətirmək üçün qos-qocaman ölkələr can qoyur, lakin buna nail ola bilmirlər. Olimpiadanın iqtisadi marağından onun mənəvi dividentləri daha vacibdir. Olimpiya Oyunlarına sahib ölkə və şəhər dünya miqyasında öz mədəniyyəti, gücü və ümümbəşəri prinsiplərə hörməti ilə tanınır və çətin də olsa, bir addımla beynəlxalq güclülər və nüfuzlular klubuna layiqli üzv kimi daxil olur. Bunun səbəbi isə olimpiada keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinin icazəsi, ciddi yoxlamalar və olimpiada arzusunda olan onlarla güclü ölkələrin ən layiqli şəhərini aşağıdakı kriteriyalarla seçilməsidir:

Seçiləcək şəhərin müharibə şəraitində yaşamaması;

Ölkədə insan haqlarının ciddi qorunması;

Ölkədə stabil ictimai-siyasi vəziyyət;

Güclü iqtisadiyyat;

Beynəlxalq Olimpiya Komitəsinin tələblərinə riayət.

Bu kriteriyalara bir də diqqətlə baxanda, bəzi qurumların və hətta ölkələrin son vaxtlar Azərbaycana qarşı yürütdüyü siyasətini anlamaq asandır. Sondan üçüncü bəndə qədər problemsiz keçən Azərbaycan ölkədə stabil ictimai-siyasi vəziyyəti qorumaq üçün daha ciddi addımlar atmalıdır. Əsgərlərimizin cəbhədə həlak olması artıq bir neçə dəfə Bakıda ictimai pozuntularla müşayiət olundu, lakin bunlardan lazımi nəticə çıxarılmayaraq, müəyyən qüvvələr üçün əlverişli şərait hələ də yaranmaqdadır. Keçən həftə Virtual İnternet ordusunun zərbələri əsasən həlak olanlar barədə gün ərzində düzgün məlumat verilməməsi, TV və radioların əyləncə verilişlərini dayandırmamasına yönəlmişdi. Düşünürəm ki, bu, tam haqlı zərbələr idi və onların təkrarlanmasını təmin etmək asandır. Müdafiə nazirliyi və digər güc strukturlarının mətbuatla işləyən qurumları daha cevik və məsuliyyətli olmalı, bu nazirliklərin rəhbər vəzifəli şəxsləri hadisə baş verdikdə mətbuatla işləyən əməkdaşlarını daim məlumatlandırmalıdırlar. Əks halda, ön cəbhədə vəziyyəti düzəldərək, arxa cəbhədə ciddi problemlərlə rastlaşmaq olar. O ki qaldı TV və radiolara, mən əminəm ki, bu qurumlarda işləyən əksər əməkdaşlar Vətənpərvər və Peşəkardırlar. Lakin bu qurumlarda da qərar qəbuletmə sistemləri lazımi səviyyədə olmalıdır. Məsələn, ANS-də bu sistem var və məhz ona görə kanal səhərdən matəm formatına keçdi və dərhal yayımdan əyləncəli proqramları çıxardı. Söhbət qurumun real Sahibi və ya Rəhbərinin dərhal, qorxmadan bu qərarı verə biəcəyi və ya əməkdaşların bu real Sahib və ya Rəhbərdən bunun üçün əlaqə qurub icazə alması imkanlarından gedir. Belə bir sistem daxili normativ sənədlərlə tənzimlənir və bu cür səhvlərin qarşısını alır. Unutmayın ki, belə incə məsələlərdə gecikmələr - narazı itimai rəyin sunamisini yaradacaq.

İnsan haqlarına gəldikdə, bu o qədər abstrakt bir anlayışdır ki, burada haqq axtarmaq peşəkar iş deyil. Məsələn, dəfələrlə Olimpiya Oyunlarına ev sahibliyi edən ABŞ-da indiyədək ölüm cəzası mövcuddur - Azərbaycanda bu qanun hələ ötən əsrdə ləğv edilib. Fransada qaraçılara qarşı diskriminasiya var və onları ölkədən deportasiya edirlər - Azərbaycanda heç bir millətə, azlığa qarşı diskriminasiya yoxdur. Bu mövzuda Ermənistan rəhbərliyi Azərbaycanda ermənifobiyadan, yəni ermənilərə qarşı dözümsüzlükdən danışır, amma Azərbaycanda ermənilərin yaşaması faktları, ailələr qurması və erməni musiqilərinin radiolarda və filmlərinin televiziyalarda göstərilməsi bu məlumatları təkzib edir.

Şükür Allaha, Bakı müharibə şəraitində yaşamır və ölkəmizdə müharibə yoxdur. Amma atəşkəs rejimi və Ermənistan kimi bir işğalçı problemimiz var. Hamı anlayır ki, atəşkəs müharibənin müvəqqəti dayanması deməkdir, müharibənin olmaması deyil. Belə olan halda hər hansı irimiqyaslı təxribat nəticəsində vəziyyət dəyişə bilər. Hətta vəziyyətin dəyişməsi və hərbi əməliyyatların başlanması üçün heç də Azərbaycan tərəfinin atəşkəsi pozması və ya digər səhv addım atması səbəb olmaya bilər. Olimpiya Oyunlarının sahibinə bu gün münaqişə lazım deyil, demək, bu, düşmənlərə lazımdır. Müharibələr tarixindən xatırlayıram ki, Polşa ilə müharibəyə başlamaq üçün faşist Almaniyası həmin ölkənin ərazisinə müxtəlif vaxtlarda təxribatçı qrupları yollamaqla, sərhəddə ara-sıra atışmalar yaradırdılar, hətta Polşa ərazisindən özlərinin alman postlarına atəş açaraq həmvətənlərini öldürürdülər. Bundan əlavə, yaxşı hazırlanmış, cinayətkarlardan ibarət dəstələr Almaniyaya aid obyektlərə hücum edib müxtəlif miqyaslı hərbi əməliyyatlar həyata keçirirdilər. Lakin bu təxribatların məqsədi heç də sərhədi pozub irəliləmək deyildi. Məqsəd tədricən Polşanı işğalçı və Almaniyaya qarşı daim hücumlar edən bir ölkə kimi qələmə vermək idi ki, sonda əks hücum, işğal və müharibə beynəlxalq ictimaiyyət və əsasən, döyüşə gedəcək alman əsgərləri üçün ədalətli addım hesab olunsun. "Himmler" adlı bu əməliyatların başcısı SS oberqruppenfüreri Reynxard Qeydrix idi və o vaxtlar üçün bu çox muasir texnologiya idi, lakin düşünürəm ki, bu gün bu məlumatların sahibi tək mən deyiləm və təxribatlara qarşı Azərbaycanın hərbi qərargahında hazır əks-planlar mövcuddur...

Sonda, Olimpiada ilinin astanasında Azərbaycan üçün ciddi hesab etdiyim məqamlara diqqətinizi cəlb etmək istəyirəm. Bu gün Azərbaycan torpaqlarının qaytarılması məsələsində Rusiya yenidən çox fəallaşıb və ara-sıra vəzifəli şəxslərinin çıxışlarında hətta Qarabağ məsələsini həll etmək üçün əraziyə Sülhməramlı Rusiya qoşunlarının yeridilməsi təklif olunur. Mən şəxsən ötən əsrdə Qarabağda rusiyalı sülhməramlılar dövrünü yaşamışam... Sözün düzü, yaxşı təəssüratım qalmayıb və bildiyiniz kimi torpağlarda qayıtmayıb. Yadımdadır ki, nədənsə erməni tərəfi o vaxtlar daha hiyləgər və qeyri-müəyyən idi. Törədilən təxribatların arxasında kimlərin durduğunu anlamaq olmurdu. Sülhməramlılar bizim tərəfin də, erməni tərəfinin də imkan, dislokasiya və silah-sursatından xəbərdar idi və ola bilər ki, məhz bunun nəticəsində biz Kərkicahan, Malıbeyli, Xocalı və s. ərazilərimizi itirdik. O zaman kimin əlinin kimin cibində olmasını anlamaq çox çətin idi, amma kimin cibi bu münaqişənin hesabına dolur anlamaq asan idi. Səhv etmirəmsə, Abxaziyanın Gürcüstandan ayırılmasında əsas rolu məhz Sülhməramlılar oynadı. Maraqlıdır, sülhü bərpa edib hər iki tərəfin tələbini təmin etmək üçün yollanan hissələr sonda məsələni birtərəfli həll edərək, Rusiya ilə Gürcüstan arasında müharıbənin başlanması üçün bir vasitə oldular... Görəsən, belə vəziyyətə Reynxard Qeydrixin qiyməti neçə olardı?

Bir şeyi də nəzərdən buraxmaq olmaz, gələn 2015-ci il Azərbaycanlılar üçün Olimpiada ilidirsə, ermənilər üçün 2015-ci il elan etdikləri "genosid"in 100-cü ildönümüdür. Artıq bir ildən çoxdur ki, azərbaycanlılar Olimpiya tədbirlərinə hazıraşır, ermənilər isə "genosid"lə əlaqəli tədbirlərə. Erməni mətbuatının verdiyi məlumata görə, bu, bir neçə ölkədə "genosid"in rəsmi tanınmasından tutmuş bu hadisədə günahkar sayılan millətlərə digər növ cəzaların verməsinə qədər əməliyyat və tədbirlər planlaşdırılır. Xatırlatmaq istəyirəm ki, keçən əsr "genosid"in 10 illiyində Daşnaksütyun Partiyasının həyata keçirtdiyi "Nemezis" əməliyyatı nəticəsində Azərbaycanın keçmiş Baş naziri Fətəli Xan Xoyski, Parlamentin sədr müavini Həsən bəy Ağayev, daxili işlər naziri Behbud xan Cavanşir, Türkiyənin hərbi naziri Cəmal Paşa, daxili işlər naziri Tələt Paşa və digər vəzifəli şəxslər qətlə yetirilmişdi. Bir neçə ölkələrin Parlamenti "genosid" faktını rəsmi tanımışdı. Bunu yaddan çıxarmaq olmaz və qonşularımızın hətta ağılasığmaz hərəkətlərinə hazır olmaq lazımdır.

Mənim fikirimcə, su nə qədər şəffaf olsa, içindəkilər də o qədər aydın görünər. Bulanıq suda isə heç nə görünmür, hər şey ehtimal olunur.

Deyirəm, bəlkə keçən həftə cəbhədə olan atışmaların da yuxarıda yazdıqlarıma dəxli var... Bəlkə Ermənistan rəhbərliyi Soçi görüşü ərəfəsində Rusiya və Azərbaycan başçılarına xox gəlir ki, onları qorxudan öldürsün...

Hər halda Azərbaycanda isti, əlvan yay sona çatır. Qabaqda bizi çiskin və çirkin payız, sonra isə soyuq və şaxtalı qış gözləyir. İn Şa Allah, qışda qanımız da soyuyar. Deyirlər ki, qışa yaydan hazırlıq görmək lazımdır. Siz qışa hazırsınız, əziz həmvətənlilərim, hörmətli azərbaycanlılar!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti