...

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejiminə əməl etməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2014 13:01 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri və İsveçrənin xarici işlər naziri Didye Burkhalter Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində helikopterin vurulmasından dərin narahatlığını ifadə edib.
ATƏT sədri Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejiminə əməl etməyə çağırıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Səbinə Əhmədova/

ATƏT-in fəaliyyətdə olan sədri və İsveçrənin xarici işlər naziri Didye Burkhalter Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində helikopterin vurulmasından dərin narahatlığını ifadə edib. Bu barədə Trend ATƏT-in saytına istinadən məlumat verib.

D.Burkhalter Azərbaycan və Ermənistan prezidentlərini bu kimi hadisələrin qarşısının alınması və atəşkəs rejiminə əməl olunması üçün əllərindən gələni əsirgəməməyə çağırıb.

ATƏT-in fəaliyyətdə olan sədri bu il ərzində bir neçə dəfə gərginliyin artmasının görünməmiş sayda itkilərə səbəb olmasının çox təəssüf doğurucu fakt olduğunu qeyd edib: "Atəşkəs rejiminə ciddi şəkildə əməl olunması və öncədən götürülən öhdəliklərə tam riayət edilməsi münaqişənin həlli üçün vacib olan etimad səviyyəsinə çatmaq baxımından zəruridir".

ATƏT həmsədrlərinin dünən yaydığı bəyanata istinad edərək, D.Burkhalter tərəflər arasında 10 avqustda keçirilən Soçi görüşündən sonra yüksəksəviyyəli görüşlərin intensivləşdirilməsini yüksək qiymətləndirib və Azərbaycan və Ermənistan Prezidentlərini dialoqu davam etdirməyə çağırıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti