Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Elçin Mehdiyev/
"Cənab Prezident İlham Əliyev həmişə olduğu kimi, bu müşavirədə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox dəqiq və sərrast fikirlər səsləndirdi. İlk növbədə cənab Prezident Ermənistanın bugünkü vəziyyəti haqqında dəqiq fikri dedi ki, Ermənistan dilənçi vəziyyətində olan bir dövlətdir". Bunu Trend-ə Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışını şərh edərkən millət vəkili Elman Məmmədov deyib.
Deputatın sözlərinə görə, təbii ki, bu dövlətin Azərbaycan torpaqlarını işğal etməyə və uzun illər işğal altında saxlamağa gücü çatmaz: "Demək, bu dövləti saxlayan, yaşadan, ona havadarlıq edən qüvvələr var. Bu qüvvələr tarixin bütün dövrlərində mövcud olub. Bu gün bizim torpaqlarımızın işğal olunmasında danılmaz xidmətləri olan həmin dövlətlərdir. Ermənistan bu gün siyasət aləmində söz sahibi deyil, Ermənistana havadarlıq edən dövlətlər Ermənistan əvəzindən sözçüdürlər".
E.Məmmədov bildirib ki, bu gün 20 ildən artıqdır vasitəçilik mandatı verilmiş ATƏT-in Minsk qrupu var: "Minsk qrupunda təmsil olunan həmsədrlər bu gün siyasət, iqtisadiyyat aləmində biri-biri ilə daban-dabana zidd siyasət aparan dövlətlərdir. İndi necə ola bilər ki, bir-biri ilə yola getməyən, siyasətləri bir-biri ilə zidd olan dövlətlər Dağlıq Qarabağ məsələsi ilə bağlı bir fikirə gəlib, münaqişənin həll olunmasına kömək edələr? Bu, qeyri-mümkündür. Bizim ən böyük bəlamızdan biri budur. Bunlar meydandan çıxmırlar ki, Azərbaycan ilə Ermənistan üz-üzə öz məsələlərini həll etsinlər. Təbii ki, gündən-günə güclənən Azərbaycan və gündən-günə zəifləyən Ermənistan üz-üzə qalanda aydındır ki, məsələ nə cür həll olunacaq - ədalətli və Azərbaycanın xeyrinə. Ancaq çox təəssüf ki, bu işğalçı, cinayətkar dövlətə havadarlıq edənlər buna imkan vermirlər. Cənab Prezident çox düzgün qeyd etdi ki, biz bu meydanda öz mübarizəmizi təkbaşına aparmışıq, mübarizəmizi uğurla sona qədər aparacağıq və torpaqlarımızı işğaldan azad edəcəyik".