Azərbaycan, Bakı, 15 aprel /Trend/
Azərbaycan və Ermənistan Paris görüşündə əldə olunmuş razılaşmaları qorumalı, dialoqu intensivləşdirməli, atəşkəs rejiminə riayət etməlidirlər.
Bunu Trend-ə açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həmsədrlərin yaxın gələcəyə olan planları barədə sualı şərh edərkən bildirib.
Uorlik qeyd edib ki, tərəflər sülh sazişinə rəvac verəcək danışıqlara başlamalıdır.
"ATƏT-in Minsk Qrupu münaqişənin dinc nizamlanması üçün tərəflərlə işləməyə davam edir. Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün özlərində iradə tapmalıdır", - deyə amerikalı diplomat vurğulayıb.
O əlavə edib ki, həmsədrlər Azərbaycan və Ermənistanın XİN başçıları ilə sıx əməkdaşlığa davam edirlər, həmçinin bu ilin sonuna prezidentlərin görüşünü hazırlayırlar.
Onun sözlərinə görə, hazırda həmsədrlərin regiona növbəti səfərinin vaxtı dəqiqləşdirilir.
2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşü baş tutub, lakin görüşdən 10 gün sonra Ermənistan Azərbaycanın işğal olunan ərazilərində, xüsusilə də Ağdamda genişmiqyaslı təlimlər keçirib.
Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev bildirib ki, Parisdə əsir və girovların dəyişdirilməsi, eləcə də itkin düşənlər haqqında məlumat mübadiləsi barədə razılaşma əldə olunmuşdu. Onun sözlərinə görə, Ermənistan hələ də bu razılaşmalara və Beynəlxalq Qırmızı Xaç Komitəsinin çağırışlarına məhəl qoymur.