...

Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi Dağlıq Qarabağ problemini arxa plana ata bilər (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Noyabr 2015 21:58 (UTC +04:00)

"Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov

Rusiyaya aid "Su-24" hərbi təyyarəsinin Türkiyə hərbi aviasiyasına məxsus "F-16" qırıcısı ilə Suriya sərhədində vurulması gündəmin əsas müzakirə mövzusudur. Olay ətrafında baş verənlər ictimaiyyətdə qarışıq fikirlər yaradıb. Rusiya tərəfi vurulan təyyarənin Türkiyə hava sərhədini pozmadığını və təyyarənin Suriya hava məkanında vurulduğunu iddia edir. Türkiyə isə Rusiya qırıcısına hava sərhədini pozması barədə dəfələrlə xəbərdarlıq etdiyini və pilotların bu xəbərdarlığa məhəl qoymadığını bildirir.

Rusiyanın dəfələrlə başqa ölkələrin hava sərhədinə icazəsiz daxil olması faktlarını bir neçə beynəlxalq təşkilat da təsdiqləyib. NATO Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanlığı Rusiyaya aid qırıcıların ötən il Avropa ölkələrinin hava sərhədini 150 dəfə pozduğunu bildirib. Açıqlamada deyilir ki, Rusiya qırıcıları Estoniyanın hava sərhədini 6, Finlandiyanın hava sərhədini 3, Danimarka və Polşanın hava sərhədlərini isə 1 dəfə pozub. Rusiya qırıcıları tərəfindən İsveçin hava sərhədi 2012-ci ildə 7, 2013-cü ildə 8, 2014-cü ildə isə 10 dəfə pozulub. Pentaqonun açıqlamasında isə 2014-cü ilin avqust-sentyabr aylarında Rusiyaya aid atom bombardmançı təyyarənin 16 dəfə ABŞ və Kanadanın hava sərhədlərini pozduğu bildirilib.

Rusiya tərəfi isə hava gəmisinin əsassız olaraq vurulduğunu iddia edərək problemi siyasiləşdirir. Ekspertlər bu məsələnin siyasiləşdirilməsinin əleyhinədir. Məsələnin siyasiləşdirilməsi regionda sabitliyin pozulmasına gətirib çıxara bilər. İki ölkə arasında bu mübahisənin uzanması Azərbaycana da təsir edə bilər. Bu məsələnin siyasiləşdirilməsi bir neçə fakta təsir göstərə bilər. Son zamanlar diplomatik dairələrdə və mətbuatda işğal altında olan bəzi rayonların qaytarılması, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda müəyyən müsbət nəticələrin əldə olunması ilə bağlı məlumatlar verilir. Rusiya təyyarəsinin vurulması bu gün Qarabağla bağlı prosesləri arxa plana atır. Dağlıq Qarabağla bağlı müzakirələrdə əsas tərəfdaşlar olan Türkiyə və Rusiya arasındakı gərgin münasibətlər bu danışıqlara mənfi təsir edəcək. Bu ölkələr arasında münasibətlərin normal olması Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara da müsbət təsir edəcək. Bu ölkələr arasındakı gərgin münasibət Qarabağ problemini geriyə çəkir.

Bu hadisə, əsasən, Ermənistan hakimiyyətini sevindirə bilər. Türkiyə və Rusiya münasibətlərinin pozulmasında kim maraqlı idi? İndiki situasiyada Ermənistanın siyasi dairələri sevinir. Çünki Qarabağ mövzusu indi arxa plana keçir. İkinci tərəfdən, onlar Türkiyə ilə düşmənçilik baxımından Rusiyada təbliğat üçün daha güclü mövqe əldə edirlər. Təyyarə insidentindən sonra Rusiya Dövlət Dumasında soyqırımı tanımamağa görə cinayət işinin açılması barədə qanun layihəsi irəli sürülmüşdü. Bu qanun qəbul olunsa, bizə çox mənfi təsir edə bilər. Bizim Qarabağla bağlı iddiaları irəli sürməyimiz çətinləşəcək. Bu baxımdan, biz Türkiyə-Rusiya münasibətlərinin bu insidentdən sonra daha da kəskinləşməməsinə və əvvəlki məcraya qayıtmasına tərəfdarıq.

Dünyada təyyarə vurulması faktı ilk deyil. 12 iyun 2012-ci ildə Türkiyəyə məxsus "F-16" təyyarəsi Suriyada vurulmuşdu. Həmin vaxt da kritik mövqelər oldu, amma sonra tərəflər üzrxahlıq etdi və münasibətlər düzəldi. Bu yaxında Türkiyə Xarici İşlər Nazirliyi türkmanlarla bağlı Rusiyaya nota vermişdi. Rusiya terrorizmə qarşı haqlı olaraq atdığı addımlarda Türkiyənin də maraqlarını nəzərə almalıdır. Çünki Türkiyə o ərazidə nəinki qonşudur, həm də vaxtilə varisliyi olub. Sərhəddə yaşayan türkmanlar milli azadlıq mübarizəsi aparırlar və sünni təriqətinə aid olduqlarına görə Suriyadakı hakimiyyətə qarşıdırlar. Onlar da terrorçulara qarşı mübarizə aparırlar.

Təyyarənin Türkiyə sərhədinə hansı məqsədlə yaxınlaşmasında da müəmmalar var. Təyyarənin sərhədə yaxınlaşmaqda marağı nə idi? Bu barədə Rusiya hərbi dairələri də düşünməlidirlər. Türkiyənin xarici işlər naziri bununla bağlı rusiyalı həmkarı ilə danışıb və başsağlığı verib. Biz bu münasibətlərin əvvəlki dostluq münasibətlərinə qayıdacağına ümid etməliyik. Türkiyə xarici işlər nazirinin Bakıya səfəri də bu barışın baş tutmasında bir addım olacaq. Ümid edirəm ki, bu prosesdə hansısa mənfi mesajlar səslənməyəcək.

Baş vermiş hadisə Rusiyanın hava əməliyyatlarına təsir edəcək. Bu əməliyyatlar, təyyarələrin istifadə olunması genişlənsə, mənfi nəticələrə gətirə bilər. Bu əməliyyatların azalması isə İŞİD-in güclənməsinə səbəb olacaq. Bu prosesdə böyük dövlətlər, dünya ictimaiyyəti və Rusiya ortaq məxrəcə gəlməlidir. Əgər bu olmasa, belə hadisələr tez-tez təkrarlanacaq.

Təyyarənin Türkiyə hava məkanında vurulması məsələsinə gəlincə, Türkiyə öz hava məkanını qorumaq üçün belə addım atdığını deyir. Türkiyə sənədlər təqdim edir ki, təyyarə 15 saniyə Türkiyə ərazisinə keçib və pilotlara bu barədə xəbərdarlıq edilib. Rusiya tərəfi isə iddia edir ki, təyyarə Suriya hava məkanında vurulub. Hazırda bu barədə araşdırmalar aparılır. Nəticə araşdırmalar bitəndən sonra bilinəcək. Beynəlxalq hüquqa görə, hər dövlətin öz hava məkanını qorumaq haqqı var. Təyyarələrin vurulması iki halda baş verə bilər. Birincisi, təyyarə xəbərdarlıqlara cavab vermir və ərazini tərk etmə təkliflərinə əməl etmir. İkincisi, təyyarə hansısa təhlükəli bir ləvazimatla hərbi obyektlərə tərəf uçarsa, onda sorğusuz vurmaq olar. Bu hadisə isə çox şeydən baş verə bilər. Məsələn, ola bilər ki, təyyarə istiqamətini dəyişdirmək üçün səhlənkarlıq edib və hava məkanını pozub.

Bütün hallarda biz bu hadisəyə nə sevinə, nə də kədərlənə bilərik. Yalnız başsağlığı verə bilərik. Bu bizim ən mühüm problemimiz olan Dağlıq Qarabağ münaqişəsini kölgədə qoymamalı, arxa plana keçirməməlidir. Bu isə yalnız o halda ola bilər ki, Rusiya və Türkiyə münasibətləri yüksək səviyyədə olsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti