...

Xələf Xələfov: Azərbaycanın işğal olunmuş ərazilərində istənilən fəaliyyət qeyri-qanunidir (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Dekabr 2016 13:28 (UTC +04:00)
"Azərbaycanın haqqı var ki, belə şirkətləri və fiziki şəxsləri öz qanunları vasitəsilə təqib etsin, onları məsuliyyətə cəlb eləsin".
Xələf Xələfov: Azərbaycanın işğal olunmuş ərazilərində istənilən fəaliyyət qeyri-qanunidir (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində istənilən fəaliyyət qeyri-qanunidir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov işğal olunmuş ərazilərimizdə İrandan olan mütəxəssislər tərəfindən məscidin bərpası məsələsinə münasibət bildirərkən deyib.

Nazir müavini bu məsələnin həssas olduğunu qeyd edib: "Ermənistan çalışır ki, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyət aparsın, burada xaricdə yaşayan erməniləri məskunlaşdırsın. Bunlar hamısı beynəlxalq hüquqa zidd olan qanunsuz hərəkətlərdir və beynəlxalq hüquq baxımından bu fəaliyyət tanınmır. Ona görə də istənilən ölkə və istənilən fiziki və hüquqi şəxs tərəfindən işğal olunmuş ərazilərdə aparılan fəaliyyətlər qeyri-qanunidir. Bu, Azərbaycan qanunları vasitəsilə təqib oluna bilər. Yəni şirkətdirsə, sanksiyalar tətbiq oluna bilər, fiziki şəxsdirsə, ona müəyyən məhdudiyyətlər qoyula bilər. Onlara qarşı Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş tədbirlər görülə bilər. Yəni bu məsələlərə bu kontekstdən yanaşmaq lazımdır".

X.Xələfov bildirib ki, Azərbaycan dövlət kimi beynəlxalq tanınmış əraziləri çərçivəsində öz suverenliyini, öz hüquqlarını qoruyur:

"Dünya dövlətləri ilə olan təmaslarımızda və münasibətlərimizdə bu məsələləri nəzərə çatdırırıq və belə qeyri-qanuni fəaliyyətlərə cəlb olunan ölkələrə, vətəndaşlara və hüquqi şəxslərə xəbərdarlıq edirik. Onları bu məsələnin mümkün nəticələri barədə xəbərdar edirik və çalışırıq ki, belə fəaliyyətlərdən çəkinsinlər. Bu, nəinki region ölkələrinə, bütün ölkələrə aiddir. Ona görə də, adətən, biz iqtisadi fəaliyyətlə əlaqədar münasibətlərimizi tənzimləyəndə xüsusilə bu məsələləri diqqətə çatdırırıq. Bu, bizim ikitərəfli sənədlərdə də öz əksini tapır ki, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətə yol verilməməlidir, burada heç bir iqtisadi fəaliyyət həyata keçirilməməlidir, burada hər hansı investisiya fəaliyyəti mümkün deyil. Biz bunları qarşı tərəfin nəzərinə çatdırırıq və həmin dövlətlər Azərbaycan qarşısında öhdəliklər götürürlər ki, Azərbaycanla həyata keçirdikləri ticarət və iqtisadi fəaliyyətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşacaqlar və bu çərçivədə də öz fiziki və hüquqi şəxslərini xəbərdar etməlidirlər".

Nazir müavini əlavə edib ki, öz dövlətlərinin xəbərdarlıqlarına məhəl qoymayan bəzi şirkətlər və fiziki şəxslər Azərbaycan qanunları və beynəlxalq normalar çərçivəsində məsuliyyət daşıyırlar: "Azərbaycanın haqqı var ki, belə şirkətləri və fiziki şəxsləri öz qanunları vasitəsilə təqib etsin, onları məsuliyyətə cəlb eləsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti