Bakı. Elçin Mehdiyev - Trend:
BMT Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qeyd-şərtsiz azad olunması ilə bağlı 4 qətnamə çıxarıb. Amma Ermənistanın öz yanaşması var və onu BMT Təhlükəsizlik Şurasında dəstəkləyən ölkələr var.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qütbləşmə dövründə inklüziv dialoq” mövzusunda panel sessiyada sualları cavablandırarkən deyib.
O qeyd edib ki, himayədarları Ermənistana qarşı vaxtında sanksiyaların tətbiq olunmasına imkan vermirlər: “BMT-nin münaqişənin həll edilməsi üzrə qəbul etdiyi qətnamələrin bir gündə həyata keçirilməsi üçün ortaya iradə qoysa, işğal altındakı torpaqlar azad olar”.