Bakı. Trend:
Argentina Senatında Azərbaycanla dostluq qrupunun rəhbəri xanım Maria Ester Labado Füzuli rayonunda dinc insanların qətli ilə nəticələnən erməni təxribatını pisləyib.
Trend-in məlumatına görə, M.E.Labado tərəfindən Azərbaycan səfirliyinə daxil olan məktubda deyilir:
"Füzuli rayonu, Alxanlı kəndində erməni silahlı qüvvələri tərəfindən mülki əhalinin öldürülməsi ilə bağlı dərin təəssüfümü ifadə etmək istəyirəm. Bu hadisə təkcə xalqlarımızın ruhuna qarşı bir hücum olduğuna görə deyil, həm də uşaqların qətlinin mütləq pislənilməli olduğuna görə bizi narahat edir".
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.