...

Baş konsul: İşğalçılıq nəticəsində Ermənistan bölgənin ən zəif dövlətinə çevrilərək regional layihələrdən kənarda qalıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Noyabr 2017 10:33 (UTC +04:00)
İşğalçılıq nəticəsində bu gün Ermənistan bölgənin ən zəif dövlətinə çevrilib, bütün regional meqa-layihələrdən kənarda qalıb.
Baş konsul: İşğalçılıq nəticəsində Ermənistan bölgənin ən zəif dövlətinə çevrilərək regional layihələrdən kənarda qalıb (FOTO)

Bakı. Trend:

İşğalçılıq nəticəsində bu gün Ermənistan bölgənin ən zəif dövlətinə çevrilib, bütün regional meqa-layihələrdən kənarda qalıb.

Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan Trend-ə verilən məlumata görə, bunu ölkəmizin Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Qərbi Los Anceles Ticarət Palatasında Azərbaycana dair təqdimatla çıxışında deyib.

N.Ağayev öncə Azərbaycanın müstəqillik tarixindən bəhs edərək, ölkəmizin müsəlman dünyasında ilk dünyəvi respublika yaradaraq, qadınlara ABŞ-dan da öncə seçki hüququ verən ölkə kimi tarixə düşdüyünü bildirib.

O, Sovet İttifaqının süqutundan sonra Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşduğunu, 1993-cü ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətçiliyin möhkəmləndirilməsi yolunda önəmli və ciddi addımların atıldığını, iqtisadiyyatın müxtəlif sahələrində mühüm islahatların aparıldığını diqqətə çatdırıb. Azərbaycanda iqtisadi inkişafın bu gün sabit şəkildə davam etdyini vurğulayan N.Ağayev, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində hökumətin həyata keçirdiyi tədbirlər, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində atdığı addımlar haqda tədbir iştirakçılarını məlumatlandırıb. Diplomat Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin yatırılmasının önəminə toxunaraq, ölkəmizdə istehsal imkanlarının perspektivləri haqqında danışıb və Azərbaycanın regionda aparıcı iqtisadi göstəricilərə malik olduğunu qeyd edib.

Sonra N.Ağayev Azərbaycanla ABŞ arasında iqtisadi və biznes əlaqələrinin inkişafından bəhs edərək, ölkəmizdə çoxlu sayda ABŞ şirkətlərinin iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiklərini bildirib. Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri barədə məlumat verən baş konsul, bir neçə gün öncə açılışı baş tutmuş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tarixi və strateji önəmini qeyd edərək, bu dəmir yolunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu vurğulayıb.

Təqdimatda N.Ağayev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti haqda da bəhs edərək, bu işğalçılıq nəticəsində bu gün Ermənistanın bölgənin ən zəif dövlətinə çevrildiyini, bütün regional meqa-layihələrdən kənarda qaldığını diqqətə çatdırıb. Baş konsul vurğulayıb ki, məhz bu yarıtmaz siyasətin nəticəsində Ermənistan müstəqilliyini əldə etdikdən sonra 1 milyondan çox əhalisini itirərək, tamamilə xarici yardımlardan asılı vəziyyətə düşüb. N.Ağayev bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Ermənistanın regiona inteqrasiya edərək inkişaf etməsi qeyri-mümkündür.

Qeyd edək ki, Los Ancelesdə yüksək nufuza sahib olan Palata özündə 1200-dən çox tanınmış şirkəti birləşdirir. Palatanın üzvləri qarşısında mütəmadi olaraq Los Anceles meri, ABŞ konqresmenləri və senatorları və digər Kaliforniya siyasətçiləri çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti