...

BMAM beynəlxalq konfrans keçirib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2018 19:04 (UTC +04:00)
"Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi" mövzusunda Beynəlxalq Konfrans keçirilib.
BMAM beynəlxalq konfrans keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) "Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi" mövzusunda Beynəlxalq Konfrans keçirib.

Trend-in məlumatına görə, Beynəlxalq Konfransda dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri və xarici ölkə səfirliklərinin nümyəndələri media və QHT rəhbərləri, ziyalılar, tələbələr iştirak edib.

Konfransı giriş sözü ilə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov açaraq iştirakçıları salamlayıb. O, Azərbaycanın ərazi bütövlüyünün pozulması və bir milyondan artıq məcburi köçkün həyatı yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi istiqamətində dünya birliyini ciddi qərarlar qəbul etməyə çağırıb, Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz regionuna ciddi təhdid olduğunu bildirib. Politoloq R.Qonaqov Prezident İlham Əliyevin bu istiqamətdə yaxın günlərdə söylənilən fikrini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb: "Ermənistanın Cənubi Qafqazda etnik separatizmi davam edir və bu da regionda təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Bütün səylərə baxmayaraq Ermənistanın işğala son qoymaması regional və qlobal təhlükəsizlik sistemi üçün də ciddi təhdiddir. Ermənistanda baş verən son hakimiyyət dəyişikliyindən sonra prosesin normallaşmasına ümid vardı. Amma indiki rejimin də mahiyyəti özündən əvvəlkinə bənzəyir. Azərbaycanın sülh təkliflərinə qulaq asmayacaqlarsa, torpaqlarımız güc yolu ilə azad ediləcək".

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov Ermənistanın Cənubi Qafqazda xalqların təhlükəsizliyinə qarşı davam etməkdə olan təhdid siyasətinin aradan qaldırılması istiqamətində region dövlətlərinin bir araya gəlməsinin vacibliyini vurğulayaraq, beynəlxalq ictimaiyyətin ədalətsiz qərarlarına etirazını bildirib. S.Novruzov bildirib ki, nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və yanaşı yaşaması məsələsi sual altında qalır. Həmçinin dünya birliyinin işğalçı tərəfin bu hərəkətlərinə etinasız münasibəti müasir beynəlxalq münasibətlər sistemi üçün arzuolunmaz ənənələrin təməlini qoyur.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırki danışıqlar prosesində vəziyyəti" mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin ənənəvi separatizm siyasəti bu danışıqların effektivliyinə mane olur: "Ermənistanda hakimiyyət dəyişikliyi də bu prosesə hələ ki, öz töhfəsini verməyib. Azərbaycan sülh yolu ilə torpaqlarımızın azad olunmasının tərəfdarıdır və bunu dəfələrlə bildirmişik. Biz bunu bütün səviyyələrdə bəyan etmişik və Ermənistanı bir daha danışıqlar yolu ilə problemi həll etməyə çağırırıq".

Millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov "Ermənistan-Azərbaycan Dağlq Qarabağ münaqişəsinin həlli yeni mərhələdə" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, bu proses illərdir davam edir. Ermənistandakı hakimiyyət dəyişikliyi prosesi müsbət istiqamətdə aparmalıdır. Amma hələ bunun nəticəsi gürünmür. Ermənistan tərəfi anlamalıdır ki, bu münaqişə nəticəsində özlərini pis duruma salıblar və Ermənistanda faktiki olaraq, iqtisadi və siyasi böhrandır. Siyasi böhran, iqtisadi böhran, demoqrafik böhran Ermənistanı süquta aparır.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov "Ermənistanın Azərbaycana təcavüzü beynəlxalq münasibətlər sistemində" mövzusunda geniş çıxış edib. O bildirib ki, 30 ilə yaxındır ki, ərazilərimiz iğşal olunub. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq qurum və təşkilatlar tərəfindən, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bəyan edilməsinə baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimiz işğal altındadır, 1 milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşayı: "Bunu bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar bilir. İndiki mərhələdə Ermənistana sanksiyalar tətbiq edilməlidir ki, BMT-nin Qətnamələri icra edilsin".

Filologiya elmləri doktoru, ekspert Rövşən Məmmədov isə "Cənubi Qafaz regionu: erməni terrorunun doğurduğu real təhdidlər və tarixi həqiqətlər" mövzusunda məruzə edib. Natiq bildirib ki, Ermənistanın işğalçılıq siyasəti keçmişdə də, indi də təkcə bizim üçün deyil, bütün region üçün təhdid olub və qalmaqda davam edir:

"Bununla bağlı tarixi faktları sadalamaqla bitmir. İstər ötən əsrin əvvəllərində, istər 1918-20-ci illərdə, istərsə 1948-50-ci illərdə, istərsə də 1988-ci ildən üzübəri bu siyasət davam etdirilir. Nəticədə regionda humanitar fəlakətin bitməsinə imkan verilmir".

İsrailli beynəlxalq ekspert Arye Qut isə "Erməni separatizmi və onun törətdiyi təhlükələr İsrail mətbuatında" mövzusunda konfrans iştirakçılarına məlumat verib. O, bildirib ki, ermənilər hər zaman təxribatla məşğul olublar və öz siyasətlərini dünya tərəfindən qəbul etdirməyə də çalışıblar: "İsrail mətbuatında ermənilərin məkrli niyyətlərini ifşa edən çoxsaylı yazılar və məqalələr dərc edilir. Qondarma erməni soyqırımı iddiası ilə bağlı da son zamanlar çoxlu yazılar dərc edildi və İsrail parlamenti bu soyqırımın tanınması ilə bağlı müraciəti öz gündəliyindən çıxardı".

Məruzələrə yekun vuran Prezident Administrasiyasının məsul əməkdaşı Rasim Mirzəyev bu kimi beynəlxalq konfransların keçirilməsinin ölkəmizin və regiounun təhlükəsizliyi istiqamətində əhəmiyyətindən danışıb. Administrasiya rəsmisi Ermənistanın separatçı siyasətinin qarşısının alınması istiqamətində BMT qətnamələrinə diqqəti yönəldib. R.Mirzəyev bildirib ki, Ermənistanın işğalçılıq siyasəti BMT-nin 4 qətnaməsində də öz əksini tapıb: "Ermənistan beynəlxalq hüquqa əməl etməklə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, öz etnik separatizm əməllərindən imtina etməlidir. Ermənistanın faktiki işğal siyasəti region üçün böyük təhlükə, ciddi təhdid mənbəyidir".

Məruzə ətrafında millət vəkilləri Hikmət Məmmədov, Rasim Musabəyov, Qənirə Paşayeva, Aydın Mirzəzadə, türkiyəli alim və ekspert Çiğdəm Şahin, politoloqlar Nəzakət Məmmədova və Mübariz Əhmədoğlu cıxış edərək bildiriblər ki, Ermənistanın Cənubi Qafqaz xalqları üçün davam etdirdiyi aqressiv, antihumanist siyasətinin qarşısının alınmasında beynəlxalq təşkilatlar, diaspor qurumları, vətəndaş cəmiyyətləri fəal olmalı, erməni separatizminin qarşısının alınmasında yaxından iştirak etməlidirlər. Bunun üçün kifayətdir ki, Cənubi Qafqazın bütün media vasitələri-sosial şəbəkələr, bütünlükdə isə hər bir vətandaş separat təhdidlərlə mübarizədə özünü dördüncü hakimiyyət- KİV nümayəndəsi hesab etsin. Millət vəkilləri və politoloqlar cıxışlarında Ermənistanın danışıqlarda sərgilədiyi qeyri-konstruktiv mövqeyinin özlərinin əleyhinə işlədiyini, siyasi və iqtisadi tənəzzülə gətirib cıxardığını konkret faktlarla konfrans iştirakçlarının diqqətinə çatdırıblar.

Sonra məruzələr ətrafında çıxışlar davam etdirilib.

Tədbirin sonunda Beynəlxalq Konfransın iştirakçıları adından Ermənistanın Cənubi Qafqazda separatizm siyasəti və regionun təhlükəsizliyinə dair Bəyanat qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən "Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi" mövzusunda Beynəlxalq Konfransın iştirakçıları adından bəyanatda deyilir:

"Müasir beynəlxalq münasibətlərin araşdırılması göstərir ki, xalqların hüquq və azadlıqlarına, eləcə də azad, demokratik inkişafına hazırda ən böyük maneə etnik separatizm təhdidləridir.

Məlumdur ki, Ermənistanın etnik separatizm siyasəti nəticəsində tarixi Azərbaycan torpaqları olan İrəvandan, Göyçədən, Zəngəzurdan, daha sonra Dağlıq Qarabağ və ətraf rayonlarımızdan yüz minlərlə Azərbaycan ailəsi, eləcə də ölkəmizdə yaşayan onlarla digər xalqların nümayəndələri öz tarixi yaşayış yerlərini tərk edərək qaçqın və məcburi köçkün vəziyyətində düşüb. Bununla da Cənubi Qafqazın ən çoxmillətli ölkəsi olan Azərbaycanda bir milyondan artıq insan məcburi köçkün həyatı yaşamağa məcbur olub, dövlət ərazimizin 25 faizdən artıq hissəsi işğal altında qalıb. Ermənistanın etnik separatizm siyasəti dünya tarixində ən dəhşətli faciələrdən olan Xocalı soyqırımına səbəb olub, dinc sakinlərə, xüsusən uşaqlara və qocalara qarşı törədilmiş ən amansız faciə olaraq tarixə düşüb. Azərbaycan ərazilərini danışıqlar yolu ilə qaytarmaq istəməyən Ermənistanın etnik separatizm siyasəti bu gün də davam edərək, yalnız Azərbaycan üçün deyil, ümumiyyətlə Cənubi Qafqaz Regionu üçün ciddi təhlükə olaraq qalır. Dünya ictimaiyyəti - BMT, AŞPA, ATƏT-in Minsk qrupu böyüməkdə olan erməni separatizmi təhdidlərinin region üçün nə qədər böyük təhlükəyə çevrilməsində hələ də seyrçi mövqe tutur, Cənubi Qafqazda Ermənistanın davam etməkdə olan təhdidlərinin qarşısını almaqda gecikirlər. Ermənistanın separat təhdid siyasəti həm də regionun dünya əhəmiyyətli neft-qaz layihələrinin Avropa enerji bazarına təhlükəsiz ixracı prosesini, daşınmasını pozmağa istiqamətlənib. Aydın görünür ki, Ermənistanda son seçkilər zamanı siyasi hakimiyyətə gələn qruplar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə mane olmaq, Cənubi Qafqazda sabitliyi pozmaq və etnik separatizmə öz tərəfdarlarını daha da həvəsləndirmək xətti seçiblər.
Biz, bu Bəyanatı imzalayanlar dünya ictimaiyyətini, BMT Təhlükəsizlik Şurasına üzv dövlətləri tarixən insanların və mədəniyyətlərin dialoq məkanı olan Cənubi Qafqazın Ermənistanın etnik separatizm siyasəti ilə hədəfə çevrilməsinin qarşısını almaqda əhəmiyyətli qərarlar qəbul etməyə, Dağlıq Qarabağ münaqişəsinin Beynəlxalq Hüquq normaları çərçivəsində həllinə nail olmağa, Ermənistanın region üçün genişlənməkdə olan etnik separatizm təhdidlərinin qarşısını almağa çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti