Bakı. İlhamə İsabalayeva -Trend :
Prezident İlham Əliyevlə görüşdən sonra onun verdiyi tapşırıqların icrası istiqamətində işlərə başlamışıq.
Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
Onun sözlərinə görə, Prezidentin söylədiyi kimi gələn ilin sonuna qədər 7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq.
R.Rzayev deyib ki, bu işlərin icrası üçün dövlət başçısı tərəfindən ayrılmış vəsaitin bir qismi Komitəyə verilib: "Vəsaitin qalan hissəsi gələn il veriləcək. Beləliklə də Komitə tərəfindən bütün tapşırıqlar yerinə yetirilmiş olacaq".
Komitə sədri qeyd edib ki, hazırda Bakı şəhəri Qaradağ rayonunun Ümid qəsəbəsində əlavə 3 bina tikilir, Sabunçu rayonunun Ramana qəsəbəsində 1500-dən artıq ailə üçün qəsəbə tikilir:
"Binəqədi rayonunun Xocasən qəsəbəsində 800 ailəlik yeni qəsəbə salınacaq. Bununla yanaşı, Sumqayıtda köçkünlər üçün bir qəsəbə tikilir, digərinin tikintisinə isə gələn ilin əvvəlində başlanılacaq. Bu ilin sonuna qədər 6000-ə qədər ailə köçürüləcək. Hazırda Komitə tərəfindən Bakı və rayonlarda 3700 ailəlik qəsəbə tikilir. Özəl sektorun da buna çox böyük töhfəsi var".