...

Milli Məclisin Toponimiya Komissiyasının iclasında Suqovuşan kəndinin tarixi adının bərpası barədə qərar qəbul edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2020 11:06 (UTC +04:00)
Milli Məclisin Toponimiya Komissiyasının iclasında Suqovuşan kəndinin tarixi adının bərpası barədə qərar qəbul edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Məclisi Toponimiya Komissiyasının iclasında Dağlıq Qarabağ ərazisində işğaldan azad edilmiş Madagiz kəndinin tarixi adının bərpa edilməsi məsələsinə baxılmış və bu kəndin tarixi adı olan Suqovuşan adının özünə qaytarılması haqqında yekdilliklə qərar qəbul olunmuşdur.

Toponimiya Komissiyasından Trend-ə verilən məlumata görə, komissiya sədri İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun torpaqlarımızın işğaldan azad olunması sahəsində qazandığı zəfərləri tarixi ədalətin bərpa olunması baxımından yüksək qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, Dağlıq Qarabağda ermənilər tərəfindən süni şəkildə və saxtakarlıqla dəyişdirilmiş yer adlarının özünə qaytarılması da tarixi ədalətin bərpa edilməsinin daha bir nümunəsi olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şanlı ordumuzun işğaldan azad etdiyi Madagiz kəndinin tarixi adının qaytarılması haqqında qəbul etdiyi qərar həmin istiqamətdə atılmış mühüm addımdır.

Çıxış edənlərdən millət vəkilləri Sevinc Fətəliyeva, Sabir Rüstəmxanlı, Musa Quliyev, Hikmət Məmmədov, Əziz Ələkbərov və başqaları çıxış edərək Madagiz adının Suqovuşan adlandırılmasını qədim yer adının bərpası baxımından zəruri addım hesab etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti