...

Rəfael Hüseynov: "Azərbaycanın sorğusuna əsasən Avropa Şurası Nazirlər Kabinetində Ermənistanın işğalçılıq siyasəti müzakirə olunub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Fevral 2006 21:25 (UTC +04:00)

Fevralın 15-də Avropa Şurası Nazirlər Kabineti Strasburqda Azərbaycanın "İşğalçı Ermənistanın Avropa Şurasında üzvlüyü bu təşkilatın təməl prinsiplərinə və kriteriyalarına zidd olduğuna görə yolverilməzdir" adlı sorğusunu müzakirə edib. Bu barədə Trend ə eksklyuziv olaraq sözügedən sorğunun müəllifi Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Rəfael Hüseynov bildirib.

Qeyd edək ki, R.Hüseynovun sorğusu Nazirlər Komitəsinin 956-cı iclasının gündəliyi layihəsinin üçüncü bəndində 483-cü nömrə ilə qeydə alınıb.

R.Hüseynov bildirib ki, AŞ Nazirlər Komitəsinin toplantısında Ermənistan tərəfinin nümayəndəsi çıxış edərək bu məsələnin gündəliyə salınmamasını təkid edib. Lakin Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev çıxış edərək Ermənistanın işğalçı siyasəti ilə bağlı gündəliyə salınmış məsələnin müzakirəsinin zəruriliyini vurğulayıb, eyni zamanda məsələ əvvəlcədən gündəliyə salınması nəzərə alınmaqla müzakirə edilib. "Səfir Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyini və nəticədə bir milyondan artıq qaçqın problemi ilə dövlətimizin üzləşdiyini, Avropa Şurasının 2001-ci il yanvarın 25-də 1416 saylı qətnaməsində Ermənistanın işğalçı kimi rəsmən təsdiq edildiyi faktını bir daha vurğulayıb"-deyə R.Hüseynov qeyd edib.

R.Hüseynov bildirib ki, Azərbaycanın maraqlarına xidmət edən nəticə əldə olunub: "Avropa Şurasının Nazirlər Komitəsi qərara alıb ki, aparılan bu müzakirələrin nəticəsi olaraq ayrıca cavab hazırlasın. Nazirlər Komitəsinin qəbul edilən normativlərinə görə adətən hazırlanan cavab əvvəlcədən nəşr olunmuş sualla birlikdə iki ay ərzində təkrar nəşr olunaraq yayılır".

R.Hüseynov qeyd edib ki, müzakirələrin baş tutması, Ermənistanın ifşası ilə bağlı nəşr edilən sənədin yayılması Azərbaycanın Avropa Şurasında növbəti uğuru kimi qiymətləndirilə bilər.

Xəbər lenti

Xəbər lenti