Martın 24-də Azərbaycanda saxlanılan erməni hərbi əsir Vartan Martikoviç Saakyan öz ölkəsinə qaytarılıb. Bu barədə Trend ə Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə komissiyadan məlumat verilib.
1986-cı il təvəllüdlü V.Saakyan bu il fevralın 3-də Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin xidmət etdiyi Tərtər rayonunun Həsənqaya kəndi istiqamətində qoşunların təmas xətti yaxınlığında saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, müqavilə əsasında Ermənistan Silahlı Qüvvələrində Dağlıq Qarabağın işğal olunmuş ərazilərində xidmət keçirmiş.
Əsirin qaytarılması həm Ermənistan, həm də Azərbaycan hökumətlərinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciəti əsasında baş tutub. Komitə nümayəndələri əvvəlcə əsirlə görüşərək öz ölkəsinə qaytarılması ilə bağlı fikrini öyrəniblər. Onun razılığından sonra bu əməliyyat baş tutub.