Sloveniya rəhbərliyi və xalqı Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir. Bu barədə Trend ə Sloveniya Rsepublikasının Azərbaycandakı konsulu Borut Mequşar (Borut Megusar) xəbər verib.
Diplomat 2005-ci ildə Sloveniyanın ATƏT-dəki sədrliyi zamanı Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında müsbət nəticələr əldə olunmadığına görə təəssüfləndiyini bildirib, lakin bu o demək deyil ki, bu problem daha Sloveniyanı narahat etmir.
"Mən bu münaqişə ətrafındakı prosesin inkişafı barədə daim Sloveniya rəhbərliyinə məlumat verirəm, rəsmi Lyublyana münaqişənin nizama salınması prosesini diqqətlə izləyir", -deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, Lyublyana münaqişə tərəflərinin dövlət başçılarının danışıqları davam etdirməsi üçün şərait yaratmağa hazırdır. Mümkündür ki, o zaman məsələnin hər hansı həlli tapılar.
B.Mequşarın sözlərinə görə, Sloveniya da Qarabağ müharibəsinin nəticələrinin aradan qaldırılması, o cümlədən, müharibə əlillərinin reabilitasiyası, həmçinin ərazilərin minalardan təmizlənməsində Azərbaycana yardım edə bilər. Yaxın gələcəkdə Bakıda Sloveniya İnstitutunun minalardan zərər çəkənlərə yardım üzrə ofisi açılacaq. Ofis bu sahədə Azərbaycan tərəfinə yardım edəcək.