Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Londondadır. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Sentyabrın 13-də nazir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasının əsas prinsiplərini müzakirə etmək məqsədilə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. E.Məmmədyarovun əvvəl bildirdiyi kimi, o, görüşdə həmsədrlərin özünün qarşıdakı təkliflərə, münaqişənin kompromis yolu ilə həllinə dair fikrini öyrənmək niyyətindədir.
Qeyd edək ki, sentyabrın 12-də həmsədrlər Parisdə Ermənistanın XİN başçısı Vardan Oskanyan ilə görüşüb. ATƏT-in Minsk qrupunun vasitəçiləri ilə görüşdən sonra Vardan Oskanyan bildirib ki, Azərbaycan və Ermənistanın XİN başçıları Nyu-Yorkda BMT-nin Baş Assambleyasının toplantısı zamanı görüşə bilərlər. Nazir bildirib ki, görüşdə danışıqların başlıca prinsiplərinə aid iki məsələ müzakirə olunub. O həmçinin qeyd edib ki, hazırda həmsədrlər ikitərəfli danışıqları bərpa etməyə çalışır, çünki onlar məsələnin ilin sonunadək həll olunacağından əmindirlər. İndi onların məqsədi XİN başçılarının görüşünü mümkün qədər tez təşkil etməkdir.