...

QAT Minsk qrupunun amerikalı həmsədrinin mövqeyini pisləyən bəyanat yayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Sentyabr 2006 16:06 (UTC +04:00)

"Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın və Ermənistanın terrorçu rəhbəri Robert Koçaryanın son bəyanatları Qarabağ məsələsi ilə bağlı aparılan danışıqların mənasız olduğunu, düşmənlərimizin öz məkrli niyyətlərindən geri çəkilmədiklərini göstərir". Trend in məlumatına görə, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) sentyabrın 18-də yaydığı bəyanatdandır.

Bəyanatda deyilir ki, M.Brayza ABŞ-ın rəsmi mövqeyini əks etdirərək, Azərbaycanı ərazi itkisi ilə barışmağına, Ermənistanın Dağlıq Qarabağı Laçınla birlikdə həmişəlik ələ keçirməsinə yardımçı olmağa çalışır. Hərbi cani R.Koçaryan isə beynəlxalq təşkilatların himayəsi altında öz niyyətlərinə çatmağa yaxın olduqlarını bildirir, çünki işğalçı ölkə əmindir ki, beynəlxalq təşkilatlar Azərbaycanın hər hansı müqavimət göstərməsinə imkan verməyəcəklər.

"Qarabağ Azadlıq Təşkilatı son 10 ildə dəfələrlə bəyan edib ki, beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlar Dağlıq Qarabağın və Laçının həmişəlik itirilməsinə doğru aparır. ATƏT, BMT və digər səviyyələrdə aparılan danışıqların mənası yoxdur, Azərbaycan torpaqlarını yalnız hərb yolu ilə azad edə bilər"-deyə QAT-ın bəyanatında vurğulanır.

Qeyd edək ki, Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 28 yanvar 2000-ci ildə Bakıda Qarabağ Azadlıq Təşkilatı yaradılıb. Təsis qurultayında tarix elmləri namizədi, dosent Akif Nağı QAT-ın sədri seçilib. QAT öz sıralarında ölkənin tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, ağsaqqalları, gəncləri, keçmiş döyüşçüləri, ehtiyatda olan yüksək rütbəli zabitləri, həmçinin əhalinin digər sosial təbəqələrinin nümayəndələrini birləşdirir.

Xəbər lenti

Xəbər lenti