...

Amerikalı diplomat: "ABŞ Azərbaycanla danışıqların tezliklə bərpasına ümid edir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2007 12:42 (UTC +04:00)
Amerikalı diplomat: "ABŞ Azərbaycanla danışıqların tezliklə bərpasına ümid edir"

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ ABŞ ümid edir ki, Azərbaycanla təhlükəsizlik məsələləri üzrə danışıqlar tezliklə bərpa ediləcək. Bu sözləri bazar ertəsi günü ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Conatan Henik deyib.

O qeyd edib ki, Azərbaycanla təhlükəsizlik sahəsindəki əməkdaşlıq ABŞ siyasətinin əsas prioritetlərindən biridir. Henik bildirib ki, hazırda Azərbaycan və Birləşmiş Ştatları hökumətləri Dövlət Departamentinin insan haqları üzrə hesabatına edilən dəyişikliklərlə bağlı danışıqları davam etdirirlər.

Amerikalı diplomat qeyd edib ki, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməyib və Dağlıq Qarabağla bərabər işğal olunmuş ərazilər Azərbaycana aid torpaqlar kimi tanınır.

Azərbaycan hökuməti ABŞ Dövlət Departamentinin insan haqları üzrə 2006-cı ilin hesabatının ilkin variantına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid dəyişikliklərin edilməsini nəzərə alaraq aprelin 23-24-də Azərbaycan nümayəndə heyətinin təhlükəsizlik məsələləri üzrə ikitərəfli məsləhətləşmələr məqsədilə Vaşinqtona planlaşdırılan səfərini təxirə salmaq qərarına gəlib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Həmin məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətində Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Xüsusi Dövlət Mühafizəsi Xidmətinin yüksək çinli rəsmi şəxslərinin iştirakı planlaşdırılırdı.

Xəbər lenti

Xəbər lenti