...

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Sankt-Peterburqun Konstantinovsk sarayında keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2007 13:22 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Sankt-Peterburqun Konstantinovsk sarayında keçiriləcək

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 9-da gözlənilən görüşü Sankt-Peterburq şəhərinin Konstantinovsk sarayında olacaq. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov məlumat verib.

İyunun 10-da Sankt-Peterburqda 11-ci İqtisadi Forum işinə başlayacaq. Forum çərçivəsində MDB ölkələrinin dövlət başçılarının qeyri-formal toplantısı olacaq. MDB dövlət başçılarının toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın dövlət başçısı Robert Köçəryanla təkbətək görüşü razılaşdırılıb.

Prezidentlərin görüşünə hazırlıq məqsədi ilə ATƏT-in Minsk qrupu həmsədrləri (Fransa, Rusiya, ABŞ) iyunun 5-6-da Azərbaycanda bir sıra görüşlər keçiriblər. Hazırda həmsədrlər Yerevanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparır. İyunun 4-də isə ATƏT-in fəaliyyətdə olan sədri Migel Anxel Moratinos Bakıya, daha sonra isə Yerevana səfər edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib və 1992-ci ildən indiyədək işğal altında saxlayır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və hələ də sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti