...

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması halları iki dəfə artıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Sentyabr 2007 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi pozması halları ötən illərlə müqayisədə iki dəfə artıb. Bu barədə çərşənbə axşamı Trend ə açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib. Onun sözlərinə görə, erməni hərbçiləri əsasən Ağdam, Füzuli və Tərtər rayonları istiqamətində atəşkəsi pozurlar.

Atəşkəsin əldə olunması üçün 1994-cü il mayın 5-də Bişkek sazişi imzalanıb. Protokol MDB Parlamentlərarası Assambleya və Rusiyanın Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Ermənistan parlamentinin sədri və Azərbaycan Milli Məclisinin spikeri tərəfindən imzalanıb.

Sabiroğlu bildirib ki, atəşkəsin pozulması zamanı Azərbaycan Milli Ordusu itkilər verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri itkilərin sayı barədə məlumat verməyib. Onun sözlərinə görə, erməni hərbçiləri ATƏT-in Monitorinq Qrupu qoşunların təmas xəttində monitorinq aparan zaman atəşkəs rejimini qoruyurlar. Monitorinq başa çatdıqdan sonra atəşkəsin pozulması halları intensivləşir. Sabiroğlu deyib ki, erməni hərbçiləri atəşkəsi pozan zaman əsasən pulemyot, avtomat və snayperlərdən istifadə edirlər. Sabiroğlu bildirib ki, erməni hərbçiləri tərəfindən atəşkəsin pozulması hallarının intensivləşməsi barədə beynəlxalq təşkilatlara dəfələrlə müraciət olunsa da, heç bir nəticəsi olmayıb.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti