...

ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanın Seçki Məcəlləsinin Avropa standartlarına cavab verdiyini bildirib

Siyasət Materials 24 Sentyabr 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın Seçki Məcəlləsi Avropa standartlarına cavab verir, bazar ertəsi ölkənin hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədovla görüşündə ATƏT-in Bakı ofisinin rəhbəri səfir Xose-Luis Herrero bildirib. Onun sözlərinə görə, Seçki Məcəlləsi beynəlxalq təşkilatlar tərəfindən bütövlükdə müsbət qəbul olunub.

"Seçki Məcəlləsinə bəzi texniki əlavə və dəyişikliklərin edilməsi normal haldır" səfir deyib.

Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası arasında müzakirələr aparılır. Azərbaycan müxalifəti isə hesab edir ki, seçki komissiyaları poritet əsasda formalaşdırılmalıdır və bununla bağlı Məcəllədə dəyişikliklər edilməlidir.

Görüşdə siyasi partiyalar arasında dialoq məsələsində də ATƏT-in Bakı Ofisi ilə YAP-ın mövqeyi üst-üstə düşüb. Tərəflər YAP ilə bütövlükdə müxalifətin siyasi çəkisinin müqayisəolunmazlığı faktının partiyalar arasında dialoqun formatında da nəzərə alınmasının vacibliyini qeyd ediblər.

Azərbaycanda iqtidar və müxalifət partiyaları arasında dialoqun keçirilməsi təklifi ilə hər iki tərəf çıxış edib. Lakin dialoqun formatı və müzakirə olunacaq məsələlərlə bağlı vahid fikrə gəlinmədiyindən, dialoq hələ baş tutmayıb.

ATƏT-in Bakı Ofisi də dialoqun keçirilməsinin tərəfdarıdır.

YAP 1992-ci ildə, o dövrdə Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 13 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti