ABŞ-ın RƏMS sahəsində Gürcüstanla heç bir əməkdaşlıq planları yoxdur. Bu barədə çərşənbə günü ABŞ-ın Avropa və Asiya işləri üzrə dövlət katibinin köməkçisi Deniel Frid məlumat verib.
"Mən ümumiyyətlə belə bir şey eşitməmişəm" - deyə o "İTAR-TASS"a amerikalı ekspertlərin buna qədər Azərbaycanda Qəbələ RLS-in vəziyyətini öyrənməsi və Batumidə RƏMS-in texniki quraşdırma imkanlarının öyrənilməsi məqsədilə Gürcüstanda olmaları barədə KİV-lərdə gedən məlumatlara toxunarkən bildirib. "Məndə ABŞ-ın RƏMS sahəsində Gürcüstanla əməkdaşlıq planlarına dair heç bir məlumat yoxdur. Bu barədə birinci dəfədir ki, eşidirəm" - deyə o vurğulayıb.
Rusiyanın ABŞ-ın Çexiya ərazisində xüsusi RLS və Polşada raket-saxlama bazasının yerləşdirilməsi planlarından imtina etməsi şərtilə Qəbələ RLS-dən birgə istifadəyə dair təklifə toxunan Frid bildirib ki, bu Rusiya və Birləşmiş Ştatlar arasında strateji əməkdaşlığın irəli getməsi üçün əsas ola bilər".
Dövlət katibinin köməkçisi Vaşinqtonla Moskva arasında Amerikanın Şərqi Avropada RƏMS komponentlərinin yerləşdirilməsi planları sahəsində fikir ayrılığının mövcud olduğunu etiraf edib. "Biz başa düşürük ki, Rusiya narahatlıq içindədir və biz bu narahatlığı aradan qaldırmağa nail olmaq istəyirik" - deyə o bildirib. Fridin sözlərinə görə, Rusiyanın təklifi ABŞ, Rusiya və NATO-nun iştirakı ilə raket əleyhinə müdafiə sisteminə uzunmüddətli və çoxtərəfli yanaşmaya imkan yaradır. O, problemin həllinə xüsusilə belə pozitiv konteksdə yanaşmağa çağırıb.
Frid bildirib ki, bu məsələnin rusiyalı tərəfdaşlarla, o cümlədən Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Serqey Kislyakla müzakirə mərhələsi ötüb keçib və ABŞ Administrasiyası müzakirələri oktyabrın 11 və 12-də dövlət katibi Kondaliza Rays və müdafiə naziri Robert Qeytsin Moskvaya səfəri zamanı davam etdirmək niyyətindədir. "Biz danışıqları davam etdirmək və irəliyə yol axtarmaq niyyətindəyik" - deyə ABŞ dövlət katibinin köməkçisi əlavə edib.