...

Demokratiya Uğrunda İttifaq Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair təkliflər sənədi hazırlayır

Siyasət Materials 4 Oktyabr 2007 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratiya Uğrunda İttifaq Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair təkliflər sənədi hazırlayır, cümə axşamı Trend ə İttiffaqın həmsədri, müxalifətçi Milli Demokratiya Partiyasının sədri İsgəndər Həmidov bildirib. Onun sözlərinə görə, İttifaq seçki komissiyalarının siyasi partiyalar arasında paritet bölünməsini, proporsional seçki sisteminin bərpasını, məhkumluğu olmuş şəxslərin, mühacirətdə yaşayanların seçkidə iştirakına şərait yaradılmasını, seçki zamanı KİV-lərdə bütün namizədlərə bərabər imkanlar yaradılmasını təklif edir.

"Məmurlar, vəzifə sahibləri millət vəkili olmamalıdır. Millət vəkili seçilmiş şəxs heç bir dövlət vəzifəsində çalışmamalıdır. Ona görə də qanunvericiliyə dəyişiklik edilərək, məmurlar, ali məktəb rektorları ya həmin vəzifələrindən, ya da deputatlıqdan kənarlaşdırılmalıdır" Həmidov deyib.

İttifaqın digər təklifinə görə, MSK-da 18 yerin 9-u bitərəf insanlara, QHT-lərin nümayəndələrinə ayrılmalı, qalan 9 yer siyasi partiyalar arasında bölünməlidir.

Həmidovun sözlərinə görə, İttifaqın təkliflər sənədi siyasi partiyaların iştirakı ilə gələn ay keçiriləcək dəyirmi masada müzakirəyə çıxarılacaq.

Demokratiya Uğrunda İttifaqda müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları təmsil olunur. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Xəbər lenti

Xəbər lenti