...

Azərbaycanın hakim partiyası Avropa Şurasının Bakı ofisində keçirilən Seçki Məcəlləsinə dair müzakirələrə qoşulmayıb

Siyasət Materials 5 Oktyabr 2007 11:56 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Avropa Şurasının Bakı ofisində keçirilən Seçki Məcəlləsinə dair müzakirələrə qoşulmayıb

Azərbaycan, Bakı/ Trend İ.Əlizadə/ Avropa Şurasının Bakı ofisində 11 siyasi partiyanın iştirakı ilə Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsinə dair cümə günü başlayan müzakirələrdə iqtidarda olan Yeni Azərbaycan Partiyası iştirak etmir.

Azərbaycan tərəfinin təşəbbüsü ilə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT və Azərbaycan hökuməti arasında mövcud Seçki Məcəlləsinin dəyişdirilməsinə dair danışıqlar aparılır. Avropa Şurasının təşəbbüsü ilə danışıqlar prosesinə digər siyasi partiyalar da cəlb edilib.

Bakı ofisində keçirilən görüşdə Azərbaycan Xalq Cəbhəsi, Böyük Qurtuluş, Ümid, Ədalət, Vətəndaş və İnkişaf, Azərbaycan Milli İstiqlal, Azərbaycan Liberal, Demokratik İslahatlar, Musavat, Azərbaycan Demokrat və Açıq Cəmiyyət partiyalarının nümayəndələri və ATƏT-in və Avropa Şurasının Bakı ofislərinin təmsilçiləri iştirak edirlər.

Hakim Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Trend ə bildirib ki, Avropa Şurasının Bakı ofisində belə bir görüşün keçiriləcəyi haqda məlumatı bu gün müxalifət qəzetlərində oxuyublar və buna təəccübləniblər: "Ona görə də YAP-ın nümayəndəsi Avropa Şurasının Bakı ofisində keçirilən görüşdə iştirak etmir. Bizi ora dəvət etməyiblər".

Görüş qapalı keçirilir.

Görüşdə Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik İslahatlar və İnsan Hüquqları Bürosunun təşkilatçılığı ilə Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi və təkmilləşdirilməsi ilə bağlı noyabr ayında Bakıda keçiriləcək görüşə hazırlıq məsələsi müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti