...

Azərbaycan deputatları İsveçrə Konfederasiyası Milli Şurası sədrinə problemlərdən danışıblar

Siyasət Materials 2 Noyabr 2007 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda iqtisadiyyatın və demokratiyanın inkişafına mane olan əsas amillərdən biri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasıdır. Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədov İsveçrə Konfederasiyası Milli Şurasının sədri Kristin Egerszegi-Obristi ilə görüşdə bildirib.

Bakıda səfərdə olan İsveçrə Konfederasiyası Milli Şurasının sədri Kristin Egerszegi-Obristi cümə günü Milli Məclisdə siyasi partiyaları təmsil edən deputatlarla görüş keçirib.

YAP-çı millət vəkili Əhmədov bildirib ki, Azərbaycan parlamentində 10-dan artıq partiya təmsil olunur və deputatların sayına görə çoxluq YAP-a məxsusdur. Əhmədovun sözlərinə görə, demokratiyanın mənimsənilməsi ilə yanaşı, Azərbaycanda problemlər də mövcuddur: "Azərbaycanda ümumdaxili məhsul 25-35 faiz təşkil edir. Əgər Azərbaycan torpaqlarının işğalı faktı olmasaydı, Azərbaycan iqtisadi inkişaf sahəsində daha yüksək nailiyyətlər əldə edə bilərdi"-deyə YAP funksioneri bildirib.

Müxalifətçi Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib ki, Azərbaycanda problemlər təkcə toraqların işğalı faktı deyil, korrupsiya, rüşvət, işsizlik, hakimiyyət bölgüsünün düzgün aparılmaması halları da problemlər sırasındadır. Rüstəmxanlı əlavə edib ki, ABŞ-ın, Avropa ölkələrinin son illərdə yürütdüyü siyasət Azərbaycanda Qərb demokratiyasına olan ümidləri azaltmaqdadır: "Amerikanın son illərdə Yaxın Şərqdə, xüsusilə, İraqa qarşı apardığı siyasət Azərbaycana da mənfi təsirini göstərir. İsveçrədə qondarma "erməni soyqırımını" tanımaqdan imtina edənlərin cəzalandırılması insan hüquqlarını məhdudlaşdıran amildir"-deyə millət vəkili İsveçrəli qonağın diqqətinə çatdırıb.

Müxalifətçi Müsavat Partiyasını təmsil edən millət vəkili Nəsib Nəsibli də bildirib ki, Azərbaycanda insan haqları, biznes mühiti, mətbuat sahəsində problemlər mövcuddur.

Xəbər lenti

Xəbər lenti