...

Azərbaycanın hakim partiyası seçki komissiyalarının hakimlərdən ibarət formalaşdırılmasını təklif edir

Siyasət Materials 3 Noyabr 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçki komissiyalarının tərkibinin formalaşdırılmasına dair üç təklif irəli sürür. Bu barədə şənbə günü Trend ə açıqlamasında YAP-ın icra katibinin müavini Siyavuş Novruzov məlumat verib.

Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı Avropa Şurası Venesiya Komissiyası və İFES-in birgə təşkilatçılığı, siyasi partiyaların iştirakı ilə noyabrın 7-8-9-da Bakıda toplantılar keçiriləcək. Noyabrın 7-8-dəki tədbir Seçki Məcəlləsində şikayətlərlə bağlı məsələlərə dəyişikliklər edilməsi, noyabrın 9-da isə seçki komissiyalarının yenidən formalaşdırılması mövzusunda olacaq.

Novruzov bildirib ki, YAP seçki komissiyalarının indiki şəkildə qalmasını, yaxud müstəqil şəxslərdən və ya hakimlərdən ibarət formalaşdırılmasını təklif edir. Onun sözlərinə görə, YAP-ın təklif etdiyi bu variantlar xarici dövlətlərin seçki sistemində tətbiq olunur.

Novruzov müxalifət partiyalarının təklif etdiyi seçki komissiyalarının paritet formalaşdırılması təklifini isə mümkünsüz sayır. Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində seçki komissiyalarının bu cür tərkibi yoxdur: "Azərbaycan təcrübələr üçün poliqon deyil" YAP funksioneri bildirib.

Seçki komissiyalarının indiki tərkibi parlamentdə çoxluq təşkil edən, azlıqda qalan partiyaların və bitərəf deputatların nümayəndələrindən ibarət formalaşıb. AXCP, ADP, ALP, AMİP, Müsavat və digər müxalifət partiyaları komissiyalarda yerlərin iqtidarla müxalifət arasında bərabər bölünməsini təklif edir.

Xəbər lenti

Xəbər lenti