...

General-mayor Orucov: "Sonuncu rus eşolonu Gürcüstandan noyabrın 14-də yola düşəcək"

Siyasət Materials 8 Noyabr 2007 16:22 (UTC +04:00)
General-mayor Orucov: "Sonuncu rus eşolonu Gürcüstandan noyabrın 14-də yola düşəcək"

Azərbaycan, Bakı / Trend , E.Hüseynov/ Gürcüstanın Batumi şəhərində yerləşən hərbi bazadan son eşolon noyabrın ortalarında yola düşəcək və bununla da, Cənubi Qafqaz Respublikasının ərazisində Rusiya bazalarının mövcudluğuna son qoyulacaq. "Son rus əsgəri Gürcüstanı noyabrın 14-də tərk edəcək" - deyə cümə axşamı Trend ə telefonla Tbilisidən Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşesi general-mayor Elbrus Orucov məlumat verib.

Gürcüstandan dörd rus hərbi bazasının çıxarılmasına dair müqavilə 1999-cu ildə ATƏT-in İstanbul sammitində qəbul olunub. Rusiya və Gürcüstan arasında imzalanmış müqaviləyə uyğun olaraq, 2007-ci ilin yazında artıq 62-ci rus hərbi bazası, 2008-ci ildə isə, 12-ci rus hərbi bazasının bağlanması nəzərdə tutulur. May ayında RF-nin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Baluyevski jurnalistlərə bildirib ki, Rusiya hərbi bazaların Gürcüstan ərazisindən çıxarılmasını müəyyənləşdirilmiş vaxtdan əvvəl, 2007-ci ildə həyata keçirəcək.

Orucov bildirib ki, bu gün Batumidə yerləşən 12-ci rus hərbi bazasından, Azərbaycan ərazisindən keçməklə, Rusiyaya texnika və əmlakla dolu sonuncu dəmir yol eşolonu göndərilib. Eşolonun tərkibinə 18 vaqon, əsasən, avtmobil texnikası, arxiv sənədləri və digər əmlak daxildir. General- mayorun sözlərinə görə, yük noyabrın 9-da Dağıstana çatdırılacaq.

"Bununla yanaşı, noyabrın 12-14-də Batumidəki hərbi bazadan Gümridə (Ermənistan) yerləşən 102-ci hərbi bazaya sonuncu iki dəmir yol eşolonu göndəriləcək" - deyə Orucov bildirib.

Rusiya və Gürcüstan arasında Rusiyanın Zaqafqaziya, Gürcüstan ərazisində yerləşən hərbi bazalarının və digər hərbi obyektlərinin çıxarılması tarixi və ardıcıllığı barədə razılıq 2006-cı il martın 31-də əldə olunub. Ötən yay Azərbaycan-Rusiya hökumətləri səviyyəsində, Azərbaycan ərazisindən keçməklə, Gürcüstan ərazisindəki hərbi bazanın Rusiyaya daşınması barədə razıdıq əldə olunub. Azərbaycan texnikanın böyük hissəsinin Ermənistanda yerləşən rus hərbi bazasına daşınmasından, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların başlanacağı tədqirdə, Azərbaycana qarşı istifadə olunacağından ehtiyat edərək, regiondan hərbi texnikanın öz ərazisi vasitəsilə çıxarılmasına imkan verib.

Rusiyanın Quru Qüvvələrinin baş qərargah rəisinin köməkçisi polkovnik İqor Konaşenkov gürcüstanlı jurnalistlərə bildirib ki, 2007-ci ildə Rusiya ərazisinə Gürcüstanda yerləşən iki hərbi bazadan 13 dəmir yol eşolonu ilə 500 ədəddən çox texnika, 2 min tona yaxın maddi-texniki əmlak daşınıb. Bununla yanaşı, 2007-ci ildə 102-ci hərbi bazaya texnika və maddi vasitələrlə dolu dörd hərbi eşolon göndərilib.

Xəbər lenti

Xəbər lenti