...

Prezident Aparatı rəsmisi: "Seçki komissiyalarının üzvləri partiyalarının göstərişlərinə istinad etməməlidir"

Siyasət Materials 9 Noyabr 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Seçki komissiyalarının siyasi partiyalardan təşkil olunması komissiya üzvlərinin qanunlara deyil, daha çox öz partiyalarının onlara verdiyi göstərişlərə istinad etməsinə gətirib çıxaracaq. Bu fikirləri Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov cümə günü jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər edilməsi üçün Avropa Şurası Venesiya Komissiyasının təşkilatçılığı, siyasi partiyaların iştirakı ilə üçgünlük Dəyirmi masa toplantısı keçirilib. Seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması ilə bağlı müxtiəlif təkliflər verilib.

Həsənov bildirib ki, seçki komissiyalarının tərkibi ilə bağlı Prezident Aparatının yeni təklifi yoxdur və komissiyaların hazırkı tərkibini məqbul hesab edir.

Bir sıra müxalifət partiyaları seçki komissiyalarının iqtidarla müxalifət arasında bərabər bölünməsini təklif edir.

Həsənov bildirib ki, əgər seçki komissiyaları şəffaf işləyərsə, fəaliyyətləri insanların gözü qarşısında olarsa, o zaman hər hansı partiyanın komissiyalarda bir və ya beş nəfər nümayəndəsinin iştirak etməsinin fərqi olmayacaq.

"Seçki komissiyaları idman zalı deyil ki, iştirakçılar güləşsinlər və çoxluq azlıq üzərində qələbə çalsın. Seçkilərin taleyini seçicilər həll edəcək. Komissiya üzvləri "mənim partiyam belə göstəriş verib deyə mən bu addımı ata bilmərəm" sözünü işlətməməlidir. Komissiya üzvləri öz partiyalarının göstərişləri deyil, qanun və vicdanı qarşısında məsuliyyət daşımalıdırlar" - deyə Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti