Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Yeni Azərbaycan Partiyası hesab edir ki, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin həbsinə qiymət vermək üçün hadisənin səbəb və nəticəsinin aydınlaşdırılmasına ehtiyac var. "Hadisələri qabaqlamağa ehtiyac yoxdur" - deyə bazar ertəsi jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov bildirib.
"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda ittiham olunaraq Bakının Yasamal rayon məhkəməsinin ötən gecə çıxardığı qərarla iki ay müddətinə həbs edilib.
Əgər ittihamlar sübut olunarsa, baş redaktoru 3 ilə qədər həbs gözləyir.
Zahidov həbsini özünə qarşı hazırlanmış təxribat kimi qiymətləndirib.
Əhmədov qeyd edib ki, jurnalist, məmur olmasından asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları qanuna riəyat etməlidirlər: "Qanun hamıdan yüksəkdə olmalıdır. Əgər jurnalist özünü qanundan yüksək hesab edirsə və ya buna cəhd göstərirsə, bu, qanuna hörmətsizlikdir. Eyni zamanda, bu hərəkətin adekvat reaksiya doğurmaması mümkün deyil".
YAP rəsmisi bildirib ki, onlar insanları təhqir etməyi özlərinə məqsəd seçmiş jurnalistikanın üstün mövqedə olmamasını istəyirlər: "Mətbuat insanları təhqir etmək üçün yaranmayıb və məqsədi də bundan ibarət deyil və olmamalıdır".
Qeyd edək ki, YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.