...

"Milli həmrəylik və demokratik dirçəliş uğrunda" Vətəndaş Xartiyasına sıyasi partiyalar qoşulmayacaq

Siyasət Materials 21 Noyabr 2007 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın ictimai, siyasi, media və elm xadimlərinin yaratdığı "Milli həmrəylik və demokratik dirçəliş uğrunda" Vətəndaş Xartiyasına sıyasi partiyalar qoşulmayacaq. Bu barədə çərşənbə günü Trend ə Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov açıqlama verib.

"Çünki siyasi partiyalar arasında çoxlu zidiyyətlər var, bir-biri ilə münaqişələri var. Biz bunlardan uzaq olmaq istəyirik"- deyə Namazov bildirib.

Çərşənbə günü Vətəndaş Xartiyasının təqdimat mərasimi olub. Sənəddə Azərbaycanda növbəti parlament seçkilərinə qədər koalision milli etimad hökumətinin yaradılması, "Eks-prezidentlərin statusu barədə" Qanunun qəbul olunması, siyasi amnistiya verilməklə, bütün siyasi məhbusların azadlığa buraxılması, mühacirətdə yaşayan siyasi xadimlərin vətənə qayıtmasına imkan yaradılması, həmçinin, siyasi və iqtisadi amnistiya verilməsi təklif edilir.

Namazov bildirib ki, Vətəndaş Xartiyasına siyasi partiyalar, müxalifətçilər cəlb olunmayıb və yaxın zamanda da bu, nəzərdə tutulmur. Onun sözlərinə görə, Xartiyaya qoşulan insanlar yalnız sıravi vətəndaşlarla işləyəcək, ölkədə milli həmrəyliyin yaradılması üçün vətəndaş cəmiyyətini bir araya gətirməyə çalışacaqlar.

Namazovun fikrincə, Azərbaycan cəmiyyətində eks prezidentlərin statusu, iqtisadi amnistiya verilməsi, demokratik dəyişikliklərin olması kimi məsələlərdə vahid mövqe yoxdur: "Məsələn, bir qrup insan düşünür ki, demokratik dəyişiklik baş verərsə, vəziyyət daha da pisləşə bilər. Ona görə də biz Vətəndaş Xartiyası formalaşdırdıq ki, insanlarla işləyək, nəyi dəyişdirmək, hansı islahatları təklif etməyimiz barədə onları məlumatlandıraq və milli həmrəyliyə, ictimai konsensusa nail olaq"-deyən Namazov əlavə edib ki, hansı islahatları təklif etməyimiz barədə onları məlumatlandıraqçün, Xartiya məhz cəmiyyət daxilində konsensus yaranmasına nail olmağa çalışacaq.

Namazovun sözlərinə görə, Vətəndaş Xartiyası bölgələrdə sadə insanlarla görüşlər keçirəcək, onların Xartiyanı dəstəkləmələri üçün, müxitəlfi təbəqələrdən olan əhali arasında təbliğat işi aparacaq: "Gələn ilin yayına qədər 100 minlərlə insanın bu Xartiyaya qoşulmasına çalışacağıq"-deyə Namazov bildirib.

Gələn ilin oktyabrında Azərbaycanda prezident seçkiləri keçiriləcək. Namazovun sözlərinə görə, Vətəndaş Xartiyasının məhz gələn ilin yayına qədər vətəndaşları öz ideyası ətrafında toplamaqda məqsədi odur ki, Azərbaycan ictimaiyyətinin demokratik dəyişikliklər istədiyini seçkidən əvvəl həm iqtidara, həm beynəlxalq təşkilatlara nümayiş etdirsinlər.

"Milli həmrəylik və demokratik dirçəliş uğrunda" Vətəndaş Xartiyasını politoloqlar Eldar Namazov, Zərdüşt Əlizadə, ziyalılardan Eldəniz Quliyev, media qurumlarının rəhbərlərindən Arif Əliyev, Elçin Şıxlı, Mehman Əliyev, hüquq müdafiəçilərindən Arzu Abdullayeva, Səidə Qocamanlı, "Dalğa" gənclər hərəkatı və başqa şəxslər, təşkilatlar imzalayıblar.

Xəbər lenti

Xəbər lenti