...

Azərbaycan parlamentinin komissiyası qanun layihəsini geri qaytarıb

Siyasət Materials 29 Noyabr 2007 22:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin Sosial syasət məsələləri daimi komissiyası ailədə baş verən məişət zorakılığı hallarının aradan qaldırılmasına polis və məhkəmə orqanları tərəfindən müdaxilə edilməsini, zorakılıq törədən və ya zorakılığa məruz qalan şəxsin üç ay müddətinə ailədən təcrid edilməsini nəzərdə tutan qanun layihəsini geri qaytarıb.

"Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi deputatların, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və digər strukturların nümayəndələrinin iştirakı ilə, cümə axşamı Milli Məclisin Sosial siyasət daimi komissiyasında müzakirə olunub.

Layihə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb və məişət zorakılığının qarşısının alınmasını nəzərdə tutur. Layihədə qeyd olunub ki, məişətdə təkcə kişilər tərəfindən qadınlara qarşı törədilən zorakılıq deyil, eyni zamanda, qadınlar tərəfindən kişilərə qarşı törədilən və uşaqların məruz qaldığı zorakılığın qarşısı alınmalıdır. Burada fiziki təzyiqlə yanaşı, psixoloji, iqtisadi zorakılıq əks olunub. Layihəyə əsasən, zərərçəkənlə bağlı məlumatlar məxfi saxlanılmalı, zərərçəkənlərə kömək göstərmək üçün yardım mərkəzləri yaradılmalıdır.

Komissiyanın sədri Hadı Rəcəbli qeyd edib ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsinin qəbul olunması bir neçə ildir ki, gündəmdədir. Lakin mübahisəli məsələ olduğuna görə, bu Qanunu qəbul etmək problemə çevrilib. Onun sözlərinə görə, qanun layihəsinə bir dəfə Milli Məclisin insan hüquqları daimi komissiyasında baxılıb və layihə geri qaytarılıb: "Əslində, bu qanun layihəsinin sosial siyasət məsələləri daimi komissiyasına aidiyyəti yoxdur. Lakin onu baxılmaq üçün bizə göndəriblər".

Komissiyanın sədr müavini deputat Musa Quliyev bildirib ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsini qəbul etmək olmaz: "Çünki bu qanun layihəsi Azərbaycan ailəsində zorakılığın qarşısının alınmasına yox, ailə dağıtmağa yönəlib. Qanun layihəsinə görə, mən öz qızımdan gecə harada qaldığını soruşa bilmərəm. O, məni məhkəməyə verər. Belə qanunların ideyası xristian ölkələrində hazırlanır və müsəlman-türk dünyasını dağıtmaq üçündür".

Quliyev vurğulayıb ki, qanun lahiyəsi mill-mənəvi dəyərlərə, əxlaq və ailə prinsiplərinə zidd olduğuna görə, qeri qaytarılmalıdır: "Əgər qanun layihəsi geri qaytarılmasa, mən sosial-siyasət məsələləri daimi komissiyasından istefa verəcəyəm".

Komissiyanın digər üzvü - Yaqub Maxmudov da qeyd edib ki, qanun layihəsi Azərbaycan ailəsini dağıtmağa yönəlib, Azərbaycan ailəsini dağıtmaqsa, milləti məhv etmək deməkdir.

Komissiyanın üzvləri İlham Məmmədov, Məlahət Həsənova, Əkrəm Abdullayev, eləcə də, Daxili İşlər Nazirliyinin nümayəndələri qanun layihəsinin hazırki formada qəbul edilməsinin mümkün olmadığını bildiriblər və layihə işlənilmək üçün geri qaytarılıb.

Xəbər lenti

Xəbər lenti