...

Nümayişlər zamanı yaranan problemi hakimiyyət danışıqlar yolu ilə həll edə bilər - Müsavat Partiyasının başqanı

Siyasət Materials 4 Dekabr 2007 14:00 (UTC +04:00)
Nümayişlər zamanı yaranan problemi hakimiyyət danışıqlar yolu ilə həll edə bilər - Müsavat Partiyasının başqanı

Azərbaycan,Bakı / Trend müxbir S.İlhamqızı/ Avropa Şurası Venesiya Komissiyasının Azərbaycanın "Sərbəst toplaşma azadlığı haqqında" Qanuna təklif etdiyi dəyişiklikləri müxalifətçi Müsavat Partiyası müsbət qiymətləndirir. Bu barədə çərşənbə axşamı Trend ə açıqlamasında partiyanın başqanı İsa Qəmbər bildirib.

1998-ci ildə qəbul olunmuş "Sərbəst toplaşma azadlığı haqqında" Qanunun təkmilləşdirilməsi üçün 2006-ci ildən bəri Azərbaycan hakimiyyəti ilə Avropa Şurası Venesiya Komissiyası arasında danışıqlar aparılır. Venesiya Komissiyasının Konstitusiya Əməkdaşlığı şöbəsinin rəhbəri Simona Granata-Menghini ötən gün Trend ə müsahibəsində bildirib ki, komissiyanın hakimiyyətə təqdim etdiyi dəyişiklər - vətəndaşların nümayişlər keçirmək üçün dövlət orqanlarından icazə istəməməsi, sadəcə onu xəbərdarlıq etməsini nəzərdə tutur. Həmçinin Venesiya Komissiyası təklif edir ki, dövlət orqanlarının qarşısında, yaxınlığında nümayişlər keçirilməsinə qoyulan qadağalar aradan götürülsün.

Qəmbər bildirib ki, bunlar normal təkliflərdir və dünyanın demokratik ölkələrində sınaqdan çıxıb. Əlavə edib ki, Azərbaycanın qanununda təsbit olunub ki, vətəndaşlar sərbəst toplaşmaq üçün aidiyyatı dövlət orqanlarını xəbərdarlıq etməlidirlər. Lakin faktiki ölkədə nümayişlər mütləq icazə alınması şərtilə baş tutur. Qəmbər bildirib ki, heç bir demokratik ölkədə sərbəst toplaşmaq üçün icazə istənilmir: "Əgər icazə istənilmədən keçirilən nümayişlərdə problemlər yaranırsa, bunu hakimiyyət qarşılıqlı anlaşma, danışıqlar yolu ilə həll edə bilər. Amma Azərbaycanda hakimiyyət orqanları heç bir səbəb və əsas olmadan sərbəst toplaşmağa imkan vermir və aksiyaları dağıtmaq üçün bəhanə gətirirlər ki, icazə verilməyib".

Onun fikrincə, Azərbaycanda sərbəst toplaşmağa qoyulan məhdudiyyətlər hakimiyyətin qanunlara əməl etməməsindən irəli gəlir. Qəmbər hesab edir ki, bu mövzu məhz sərbəst toplaşmağa maneələr yaradıldığı üçün aktualdır və beynəlxalq qurumlar tərəfindən də diqqətdə saxlanılır. "Əgər bu sahədə sərbəstlik verilsə, bu qədər ajiotaj yaranmaz və həm də məlum olar ki, hansı siyasi qüvvənin potensialı, elektoratı, gücü nə qədərdir və əksinə, kim insanları ətrafına toplaya bilmədi" - deyə Müsavat başqanı bildirib.

Venesiya Komissiyasının "Sərbəst toplaşma azadlığı haqqında" Qanuna təklif etdiyi dəyişikliklər hakim Yeni Azərbaycan Partiyası tərəfindən isə məqbul sayılmır. YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı çərşənbə axşamı Trend ə açıqlamasında bildirib ki, Venesiya Komissiyasının təklifləri qəbul edilə bilməz: "Çünki onların təklif etdiyi kimi, əgər kim harada istəsə mitinq, aksiya keçirərsə, o zaman ölkədə xaos yaranar. Bunun qarşısını almaq məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti mitinqlər üçün xüsusi yerlər ayırıb" - deyə Qurbanlı bildirib.

Onun fikrincə, mitinq keçirmək üçün icra hakimiyyətindən icazə istənilməməsi təklifi də özbaşınalıq yarada bilər. Qurbanlının sözlərinə görə, xarici dövlətlərdə də nümayişlər keçirmək üçün aidiyyatı dövlət orqanlarından icazə istənilir.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan Parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla Parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti