...

Prezident seçkisi ərəfəsində müxalifət partiyalarının ilk əməkdaşlıq sazişi bağlanacaq

Siyasət Materials 7 Dekabr 2007 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın 20-dən çox müxalifət partiyası gələn həftə əməkdaşlığa dair saziş imzalayacaq. Bu barədə Trend ə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmd Mirəlioğlu məlumat verib.

"Biz ölkədə demokratik seçki mühitinin yaranması üçün əməkdaşlıq etmək, ümummilli problemlərimizin həllində vahid mövqedən çıxış etmək qərarına gəlmişik" - deyə Mirəlioğlu bildirib.

Gələn ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. 1998, 2003-cü il ildə keçirilmiş prezident seçkiləri ərəfəsində olduğu kimi, gələn ilki seçkilər ərəfəsində də mövqeləri bir-birinə daha yaxın olan siyasi qüvvələrin birliyinin, yaxud əməkdaşlığının yaranması prosesi başlayıb. Müxalifət düşərgəsindən Ümid, BQP, BAXCP və digər partiyalar prezident seçkisində öz namizədi ilə iştirak edəcəyini artıq bəyan edib və tərəfdarlarların sırasını genişləndirmək üçün əməkdaşlıqlara start veriblər.

Mirəlioğlu bildirib ki, saziş imzalayacaq siyasi qurumlar - "Bizim Azərbaycan" blokuna daxil olan səkkiz partiya, KXCP, Sosial Demokrat, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Azadlıq, Milli Demokratiya, Ədalət, Ümid və digər partiyalardır.

Mirəlioğlunun sözlərinə görə, əməkdaşlığa razılıq verən siyasi partiyalardan bir neçəsinin rəhbəri prezident seçkisində namizəd olmağa hazırlaşır. Bu isə o deməkdir ki, seçki öncəsi müxalifət namizədləri öz aralarında əməkdaşlıq qurmağa, seçki mühitinin demokratikləşməsi üçün qüvvələrini birləşdirməyə çalışırlar" - deyə Mirəlioğlu bildirib.

Bu qurumlar əməkdaşlıq sazişi çərçivəsində bir-birinin əleyhinə təbliğat aparmamağa, prezident seçkisində bir-birilərinin seçki kampaniyasına mane olmamağa, mühüm siyasi proseslərlə bağlı ortaq mövqe bildirməyə dair öhdəliklər götürəcəklər. O əlavə edib ki, əməkdaşlıq edəcək bu partiyaların prezidentliyə vahid namizəd irəli sürməsi hələki gözlənilmir.

20-dən çox partiyanın əməkdaşlıq sazişi baş tutarsa, bu, gələn ilki prezident seçkisi ərəfəsində ilk və geniş tərkibli birlik olacaq.

Müxalifəti təmsil edən ADP, AXCP, ALP, Müsavat kimi iri və daha çox elektoratı olan partiyalar "20-lərin" formatında təmsil olunmur.

Xəbər lenti

Xəbər lenti