...

Azərbaycanın sabiq dövlət rəsmiləri prezident seçkisi ilə bağlı danışıqlar aparacaqlar

Siyasət Materials 18 Dekabr 2007 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azərbaycan Naminə İctimai Forum"un rəhbəri Eldar Namazov gələn il keçiriləcək prezident seçkisi ilə əlaqədar Azərbaycanın eks-spikeri Rəsul Quliyevlə danışıqlar aparacaq. Bu barədə çərşənbə axşamı Trend ə Namazov məlumat verib.

Gələn ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. Heç bir siyasi partiyanı təmsil etməyən, müxalifətçi Namazovun prezidentliyə namizəd olacağı gözlənilir. 10 ildən çoxdur mühacirətdə yaşayan Quliyevin 2003-cü ildə keçirilmiş prezident seçkisində namizədliyi qeydə alınmışdı, lakin o, sonradan müxalifətçi Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini dəstəklədi. Quliyev ötən ay Trend ə müsahibəsində bildirmişdi ki, növbəti prezident seçkisində heç bir siyasi partiyanın namizədinə dəstək verməyi düşünmür.

Namazov bildirib ki, yanvarın sonunda ABŞ-a səfər edəcək və Quliyevlə görüşəcək: "Sözsüz ki, biz prezident seçkisini müzakirə edəcəyik. Hesab edirəm ki, Rəsul Quliyev Azərbaycanda tanınan və təsir imkanlarına malik olan siyasətçidir" Namazov bildirib.

O, prezident seçkisi ilə əlaqədar Quliyevlə arasında razılaşma əldə olunub-olunmayacağı barədə açıqlama verməyib.

Namazov əlavə edib ki, özünün təşəbbüskarı olduğu "Milli həmrəylik və demokratik dirçəliş uğrunda" Vətəndaş Xartiyasına Quliyevin də imza atması gözlənilir. Çünki həmin sənəddə siyasi mühacirlərin Azərbaycana qayıtmasına şərait yaradılması tələbləri də var.

Namazov bildirib ki, bu Xartiyaya Azərbaycanın ilk və eks-prezidenti, Rusiyada mühacirətdə yaşayan Ayaz Mütəllibov da qoşulub.

Namazov Azərbaycan Prezidenti Katibliyinin rəhbəri olub. Hazırda iqtidara müxalif mövqedədir.

Xəbər lenti

Xəbər lenti