...

Azərbaycan parlamenti coğrafi adlarla bağlı qanunu qəbul edib

Siyasət Materials 18 Dekabr 2007 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti ölkə ərazisində coğrafi obyektlərə ad verilməsi, onların köhnə adlarının bərpası, dəyişdirilməsi sahəsindəki fəaliyyətin hüquqi əsaslarını müəyyən edən qanun layihəsini qəbul edib. Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Coğrafi obyektlərin adları haqqında" qanun layihəsini ücüncü oxunuşda qəbul edib.

Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, qanun layihəsinin müəllifi Fəzail İbrahimli qeyd edib ki, layihə Milli Məclisdə ikinci oxunuşda müzakirə olunarkən verilən rəy və təkliflərin böyük əksəriyyətini işçi qrup nəzərə alıb və sənəd əsaslı surətdə təkmilləşdirilib.

Yeni qanun layihəsi Azərbaycanın tarixi və mədəni irsinin tərkib hissəsi olan coğrafi obyektlərin adlarının normallaşdırılması, işlədilməsi, qeydiyyatı və qorunub saxlanılması sahəsindəki fəaliyyətin hüquqi əsaslarını müəyyənləşdirir.

Layihədə coğrafi adların işlədilməsi, qeydiyyatı və qorunub saxlanılması sahəsində müvafiq icra hakimiyyəti orqanlarının vəzifələri də müəyyənləşdirilib. İcra hakimiyyəti orqanlarına coğrafi adlarla bağlı dövlət siyasətinin müəyyən edilməsi, beynəlxalq əməkdaşlıq, coğrafi adların işlədilməsi və qorunub saxlanılmasına nəzarət, coğrafi obyektlərə ad verilməsi və dəyişdirilməsi kimi məsələlər həvalə edilir.

Qanun layihəsinin tələbinə əsasən, müvafiq icra hakimiyyəti orqanı coğrafi adların işlədilməsinin təmin edilməsi və həmin adların qorunub saxlanılması məqsədilə, Coğrafi Adların Dövlət Kataloqunu yaratmalı, coğrafi obyektlərin adları lüğətlərini, sorğu kitablarını, habelə, xəritə və atlaslarını hazırlayıb, nəşr etdirməlidir.

Sənədə görə, adlar müəyyənləşdirilərkən coğrafi adın ən səciyyəvi xüsusiyyətləri əks etdirilməli, onun yerləşdiyi ərazinin coğrafi tarixi, təbii şəraiti, əhalinin rəyi nəzərə alınmalı və ad üç sözdən artıq olmamalıdır.

Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.

Xəbər lenti

Xəbər lenti