Fransa, Paris / Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Avropa Şurasında "dondurulmuş münaqişələr" ilə bağlı daimi Alt Komitənin yaradılması fikri ilə çıxış edir.
"Mən "dondurulmuş münaqişələr"lə bağlı AŞPA-da Alt Komitənin yaradılması fikrini və ya münaqişə problemləri üzrə ictimai dinləmələr formatını təsdiqləyirəm. Təbii ki, bunun üçün müzakirələrə ehtiyac var" - deyə Herkel Trend ə bildirib.
O hesab edir ki, "dondurulmuş münaqişələr", Avropa Şurası üçün həlli vacib olan məsələlərdən biridir. "Bu təkcə Azərbaycana deyil, həmçinin Gürcüstan və Moldovaya da aiddir. Bu məsələlərlə çox ciddi məşğul olamaq lazımdır" - deyə o bildirib.
Herkelin sözlərinə görə, bu münaqişələrin sabah həll olunacağına ümid etmək olmaz. "Lakin eyni zamanda mən Azərbaycanın bu məsələlərlə məşğul olmanın mühümlüyü ilə bağlı mövqeyini dəstəkləyirəm" - deyə o vurğulayıb.
Herkel Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin rolunu mühüm hesab edir. "Əgər yerli səviyyədə, daha doğrusu əgər vətəndaş cəmiyyəti, insanlar ilə gündəlik əlaqələr səviyyəsində əlaqə yoxdursa, deməli bu istiqamətdə inkişaf da yoxdur" - deyə o söyləyib.
Dağlıq Qarabağ münaqişəsi ilə Şimali Osetiyanı müqayisə edən Herkel fərqli əlamət kimi Şimali Osetiyada belə əlaqələrin, dialoqların olmasını göstərib. "Bənzər halda hansısa istiqamət və perspektiv haqda danışamaq olar. Əgər bu kimi əlaqələr ümumiyyətlə yoxdursa, o zaman çox çətindir" - deyə həmməruzəçi əlavə edib.
O qaçqınların öz doğma torpaqlarına dönmələrini gözləmə şəraitində və bu istiqamətdə irəliləyişin olmaması müddəti ərzində artıq tam bir nəsilin böyüyüb başa çatmasına təəssüf etdiyini ifadə edib. Herkel bildirib ki, bu, təkcə tərəflərlə münasibətdə olan beynəlxalq təşkilatların deyil, ilk növbədə insanların problemidir.