...

İlham Əliyev Azərbaycanda keçiriləcək prezident seçkisində uğurla qələbə çala bilər – Rusiya politoloqu

Siyasət Materials 26 Dekabr 2007 14:06 (UTC +04:00)
İlham Əliyev Azərbaycanda keçiriləcək prezident seçkisində uğurla qələbə çala  bilər – Rusiya politoloqu

Rusiya, Moskva / Trend müxbir R.Ağayev/ RF-nin Dövlət Dumasının yeni seçilmiş deputatı, RF prezidenti yanında İctimai Palatanın beynəlxalq əməkdaşlıq üzrə komissiyasının sədri, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovla eksklüziv müsahibə.

- 2008-ci il Cənubi Qafqaz ölkələrində prezident seçkiləri ili olacaq. Gürcüstanda yanvar ayında keçiriləcək prezident seçkilərindn sonra fevral ayında Ermənistanda, oktyabr ayında isə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Kosovonun müstəqilliyinin yaxın zamanlarda mümkün tanınmasını nəzərə almaqla, bu siyasi hadisələr regionda dondurulmuş münaqişələrin taleyində necə əks olunacaq?

- Keçiriləcək bütün seçkilər və Kosovodakı hadisələr təsdiq edir ki, biz çətin dövrə daxil oluruq ki, bu dövrdə dondurulmuş münaqişələrin həlli mümkündür. Mən əminəm ki, risk etmək lazım deyil, çünki hazırda sakitlikdir, heç kim heç kəsi öldürmür, qan tökülmür, qaçqınlar yoxdur. Bu, iqtisadiyyatı inkişaf etdirməyə imkan verir, çünki belə münaqişələr mövcud olduğu təqdirdə iqtisadi inkişaf templərindən danışmaq olmaz. Mən hesab edirəm ki, mütləq danışıqlar prosesinə qayıtmaq lazımdır. Mən başa düşürəm ki, Azərbaycan üçün Dağlıq Qarabağ, Gürcüstan üçün isə Abxaziya və Cənubi Osetiyanı blokadadan azad etmək çətindir, lakin onlar ağılla hərəkət etməli, bu əraziləri diz çökdürməyə çalışmamalıdırlar. Münasibətlər inkişaf etməli və Dağlıq Qarabağdan insanlar təkcə İrəvana deyil, Bakıya da gedə bilməlidirlər, sərhədləri açmaq və insanlar üçün iqtisadi əlaqələri normal inkişaf etdirmək imkanı yaratmaq lazımdır. Ölkələri bu əraziləri blokadadan azad etməyə necə yola gətirmək olar? Kosovo buna mane ola bilər. Tbilisi və Bakının mövqeyi Movkvanın mövqeyi ilə üst-üstə düşür, lakin onlar praktiki olaraq bu istiqamətdə Mosvka ilə əməkdaşlıq etmirlər. Gürcüstan və Azərbaycan harada və nə vaxt bəyan edib ki, onlar Kosovonun müstəqilliyinin əleyhinədirlər? Yunanıstan, Rumıniya, Bolqarıstanın xarici işlər nazirləri bir araya gələrək bəyan etdilər ki, onlar bunun əleyhinədirlər, bəs Tbilisi və Bakı haradadır? Kosovo presedentindən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa məcbur olacaq, əks halda kim bizi ciddi qəbul edəcək?

- Ermənistanın destruktivizm mövqeyi belə çətin problemi mərhələli şəkildə həll etmək istəməməsindən ibarətdir. Məhz Ermənistan əsas humanitar problemin həllindən, yəni azərbaycanlı qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qayıtması kimi prolemin həllindən qaçaraq status məsələsini kompleksə qoyur, Azərbaycan tərəfinin irəli sürdüyü konstruktiv təşəbbüsləri heç edir və münaqişəyə son qoymaq istəmədiyini nümayiş etdirir...

- Mən hesab edirəm ki, bu gün status məsələsini qoymaq düzgün deyil. İndi normal iqtisadi və humanitar əməkdaşlığın qurulması məsələlərini həll etmək lazımdır, sərhədlər biznes və siravi vətəndaşlar üçün açılmalıdır. Qoy hazırkı dövlət strukturları, hərbi strukturlar, status-kvo qorunub saxlanılsın, bu məsələni hərbi və status nöqteyi-nəzərindən qaldırmaq lazım deyil, insanlara imkan yaratmaq lazımdır ki, rahat hərəkət etsinlər.

- Rusiya Kosovonun müstəqilliyinin tanınmasına cavab olaraq analoji addımlar atacağını, Abxaziya, Cənubi Osetiya, Dnestryanının müstəqilliyini tanımağa məcbur olduğunu elan edirsə, bəs onda nə üçün Dağlıq Qarabağın adını separatçıların bu "fəxri" siyahısında çəkmir?

- Cənubi Osetiya və Abxaziyada Rusiya vətəndaşları yaşayır. Bu ölkələr dəfələrlə bəyan ediblər ki, onlar Rusiyanın tərkibinə daxil olmağa hazırdır. Burada Rusiya sülhməramlıları var, Rusiya burada fəal rol oynayır. Bu insanlar bizimlə olmaq istəyir, "bizə ümid etdiklərini" bildirirlər. Dağlıq Qarabağ isə bir qədər uzaqdadır, mən başa düşdüyüm qədər, Dağlıq Qarabağ de-fakto olaraq Ermənistanın bir hissəsinə çevrilib, hətta Ermənistan hökumətində Dağlıq Qarabağdan olanlar var.

- GUAM ölkələrinin xarici siyasətinin Avroatlantika istiqamətində perspektivini necə qiymətləndirirsiniz?

- Avropa İttifaqının daha nəyi çatmır? Burada azmı ərazi, insan və xalq var? Burada hər şey kifayət qədərdir. Avropa İttifaqının daxili inteqrasiyaya ehtiyacı var, Azərbaycan, Gürcüstan, Ukrayna kimi dövlətlərin burada olması heç bir çərçivəyə sığmır. Aİ-də kifayət qədər ölkə var. Qurum bu qədər ölkə və xalqı hələ ki, həzm etmək iqtidarında deyil. Aİ-yə daxil olan ölkələr qurumun gələcəkdə genişlənməsinə yox deyiblər. Serbiya, Xorvatiya kimi kiçik ölkələrdən başqa digər ölkələrin təşkilata daxil olmaq şansı yoxdur, hətta Türkiyənin də. Viktor Çernomırdin bu suala çox gözəl cavab verib: - Ukrayna Aİ-nin üzvü olacaqmı? - Əlbəttə ki, olacaq. Türkiyədən sonra. - Türkiyə bəs nə vaxt üzv olacaq? - Heç vaxt!

- 2008-ci ildə Azərbaycanda baş tutacaq prezident seçkisi barədə sizin proqnozlarınız nədən ibarətdir?

- İlham Əliyev prezident seçkisində uğurla qalib gəlmək şanslarına malikdir. Öz prezidentliyi dövründə o, liderlik xüsusiyyətlərini göstərə bilib. İqtisadiyyat sürətli templərlə inkişaf edir. Burada dünya bazarında neftin qiyməti, İran məsələsi də böyük rol oynayır, lakin heç də hər kəs neftin bu qiymətindən istifadə edə bilməz. Neftdən gələn gəliri iqtisadiyyatın digər sahələrinə göndərməmək də olardı. Azərbaycanın hazırkı rəhbərliyinə isə bu əlverişli faktorlardan iqtisadiyyatın inkişafı üçün istifadə etmək müvəffəq olur. Biz Azərbaycandakı iqtisadi inkişafı böyük rəğbətlə müşahidə edirik. Mən bu yaxınlarda Bakıya getmişdim, taksiyə oturdum, taksi sürücüsü həyatından yaman şikayət edirdi. "Aman Allah, bu nə həyatdır? Əvvəllər hər il Soçiyə, Yaltaya gedərdik, amma indi heç bir yerə gedib dincəlmək imkanımız yoxdur" - deyə o gileylənirdi. Mən ümid edirəm ki, indi onların Soçiyə, Yaltaya, Antalyaya, Praqaya gedib dincəlmək imkanları olacaq.

Bütün bunların hamısı Heydər Əliyev və İlham Əliyevin siyasəti sayəsində baş verəcək.

- Rusiyanın yeni çağırış Dövlət Dumasında Dağlıq Qarabağ məsələsi ilə bağlı dinləmələrin keçirilməsi mümkündürmü?

- Belə bir təşəbbüs və planların mövcud olub-olmayacağı məlum deyil. Ola bilsin ki, belə dinləmələr baş tutsun. Məlum olduğu kimi, Rusiyanın siyasi dairələrində kifayət qədər güclü erməni lobbisi var, onlar belə bir dinləmələrin keçirilməsinin təşəbbüskarı kimi çıxış edir. Azərbaycanlılara isə mən mat qalıram. Ermənilər bu baxımdan effektiv iş aparırlar, Rusiyada ermənilər azərbaycanlılardan azdır, lakin onların Moskvadakı nüfuzu azərbaycanlıların nüfuzundan çoxdur. Azərbaycanlılar Moskvada kifayət qədərdir, lakin onlarda həmişə nə isə alınmır, heç cürə Moskvada normal Azərbaycan lobbisi yarada bilmirlər. Ola bilsin, azərbaycanlılar bir çox hallarda asiyasayağı hər şeydən inciyirlər. Bu mənada ermənilər özlərini bir qədər sərt və avropasayağı aparırlar. Azərbaycanlılarda isə daim problemlər yaranır. Daha səmərəli işləmək lazımdır.

- Hər üç Cənubi Qafqaz ölkəsində keçiriləcək prezident seçkiləri arasında paralellər aparmaq olarmı?

- Hər üç ölkədə keçiriləcək prezident seçkiləri arasında paralellər elə də çox deyil. Azəbaycanın lideri mütləq liderdir və öz liderliyini yüz faiz sübut edəcək. Ermənistanda isə lider dəyişəcək, lakin hakim partiya hakimiyyətdə qalacaq, baxmayaraq ki, seçkilər gərgin şəraitdə keçə bilər. Gürcüstanda seçkilər böhran vəziyyətində keçiriləcək və burada status-kvo mütləq dəyişəcək. Əgər Saakaşviliyə hər-hansı bir yolla hakimiyyətdə qalmaq mümkün olarsa, onun hakimiyyətində keyfiyyət dəyişikliyi baş verəcək, o ya daim devrilmə təhlükəsi altında yaşayacaq, ya da hərbi-diktator metodlarını gücləndirməli olacaq. Bunlar tamamilə fərqli situasiyalardır.

- Cənubi Qafqazın siyasi xəritəsi ilə bağlı Amerikanın və Rusiyanın baxışları arasında hansı prinsipial fərq var?

- Vaşinqtonun Qafqaza, azərbaycanlılara, ermənilərə, gürcülərə o qədər də əhəmiyyət vermir. Onlar sizi heç fərqləndirə bilmirlər, onlara yalnız neft lazımdır, onlar Azərbaycan neftinin Gürcüstan və Türkiyə vasitəsilə nəql olunmasını istəyir. Rusiya üçün isə siz qardaş xalqlarsınız. Rusiyanın Qafqazda böyük rol oynadığı dövrdə Qafqaz xalqları sülh içərisində yaşayırdılar, Rusiyanın nəzarəti aradan qaldırıldıqdan sonra isə xoşagəlməz hadisələr, müharibə və s. baş verdi.

- Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar başlandığı təqdirdə Ermənistandakı Rusiya ordusunun rolu nədən ibarət olacaq?

- Hesab edirəm ki, Rusiya ordusu burada demək olar ki, heç bir rol oynamayacaq. Lakin Rusiya Ermənistana öz hərbi texnika üzrə müttəfiqi kimi hərbi texnika, geyim və s. ilə köməklik göstərəcək. Ola bilsin, hər hansı bir könüllülər müharibəyə qatılacaq. Lakin mən hesab edirəm ki, Azərbaycanda da təəssüf ki, könüllülər və yarıkönüllülər, yəni demobilizasiya edilmiş türk əsgərlərinin müharibəyə qatılması təhlükəsi var. Əgər Azərbaycan onları cəlb edə və müharibədə iştirak etməyi təklif edərsə, Azərbaycan başa düşməlidir ki, bir tərəfdən Bakı Türkiyədən könüllüləri cəlb etdiyi təqdirdə, digər tərəfdən isə İrəvan Rusiya, Ukrayna və s. dən könüllülər cəlb edəcək, müharibə isə bir az da kəskinləşəcək və dağıntı daha çox olacaq. Bu kimə lazımdır?!

Xəbər lenti

Xəbər lenti