...

Azərbaycanda siyasi məhbus problemi ilə bağlı Avropa Şurasına iki ayrı-ayrı müraciət hazırlanıb

Siyasət Materials 18 Yanvar 2008 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir S.İlhamqızı/ Azərbaycana insan haqları, siyasi məhbuslar üzrə məruzəçi təyin edilməsi xahişi ilə Avropa Şurasına növbəti dəfə ayrı-ayrılıqda iki müraciət hazırlanıb.

Trend in məlumatına görə, "Azadlıq" blokunda təmsil olunan üç müxalifət partiyası liderinin, daha 44 nəfər hüquq müdafiəçisi və hüquqşünasların, jurnalistlərin imzası ilə cümə axşamı Avropa Şurasına müraciət ünvanlanıb. Sənəddə bildirilir ki, "Azərbaycanda siyasi məhbus probleminin tam həlli ölkədə demokratik islahatların həyata keçirilməsi üçün zəruridir və problemin həllinə kömək məqsədilə AŞPA-nın hüquq məsələləri və insan hüquqları Komitəsi tərəfindən siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması vacibdir".

AŞPA-nın qış sessiyasına dəvət almış Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov cümə günü Trend ə açıqlamasında bildirib ki, o, həmin müraciətə qoşulmayıb. Çünki Namazov həmin məzmunda özü müraciət hazırlayıb və AŞPA-nın sessiyasında quruma təqdim edəcək.

Namazov bildirib ki, artıq AŞPA-nın dördüncü sessiyasıdır ki, iştirak üçün dəvət alıb. Əvvəlki sessiyalarda olduğu kimi, bu dəfə də dəvətlilər sessiyaya təqdim etmək üçün yalnız öz imzaları ilə sənəd hazırlayıblar: "Ona görə də iki sənədə imza atmağım düzgün olmazdı. Biz AŞPA-nın sessiyasına dəvət olunanlar öz müraciətimizi orada yaycağıq" - deyə Namazov bildirib.

Namazov əlavə edib ki, AŞPA-ya dəvətlilər bu qurumdan daha geniş səlahiyyətləri olan məruzəçi təyin edilməsini istəyirlər. Xahiş edirlər ki, həmin məruzəçiyə Azərbaycanla bağlı Avropa Məhkəməsinə gedən şikayətlərə baxılmasını tezləşdirmək səlahiyyəti verilsin.

Namazov həmçinin hesab edir ki, Azərbaycanın ictimai-siyasi qurumlarının adından AŞPA eyni məzmunda iki ayrı-ayrı sənədin təqdim olunması bu təklifin reallaşmasına problem yaratmayacaq.

AŞPA-ya dəvətlilər Eldar Namazov, hüquq müdafiəçiləri Arzu Abdullayeva, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlıdır.

AŞPA-nın ötən sessiyalarında da Azərbaycan ictimaiyyətinin nümayəndələrinin adından Avropa Şurasına vahid müraciət hazırlanmamış, sessiyada iştirak edənlərlə, etməyən ictimai, siyasi xadimlər ayrı-ayrı müraciətlər ünvalamışdılar.

Xəbər lenti

Xəbər lenti