Azərbaycan, Bakı, 31 yanvar / Trend , müxbir S.İlhamqızı/Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş sədri Ayaz Rüstəmov istefasının əsas səbəbinin səhhəti ilə əlaqədar olmadığını deyir.
"Mənim partiya sədrliyindən istefa verməyimin əsas səbəbi müxalifətdə gördüyüm iyrəncliklər oldu"-deyə Rüstəmov cümə axşamı Trend ə açıqlamasında bildirib.
Ötən ilin sonunda Rüstəmov səhhətində problemlər olduğunu əsas gətirərək AMİP sədrliyindən istefa verib. O vaxt o, istefa ərizəsində və KİV-lərə açıqlamasında bildirmişdi ki, səhhətindəki problemlər partiya sədri kimi fəaliyyətinə mane olur.
Rüstəmov müxalifət partiyalarının rəhbərlərini yalnız öz şəxsi ambisiyalarını güdməkdə, həmçinin kənardan sifarişlə hərəkət etməkdə günahlandırır.
"Mən sədr olduqdan sonra siyasi partiyalarla daha yaxından ünsiyyətlərim oldu və içərisindəki problemləri gördüm. Müxalifətin iqtidara davamlı olaraq dialoq barədə yalvarışları mənim tərəfimdən və fikrimcə, cəmiyyət tərəfindən də yaxşı qarşılanmır"-deyə Rüstəmov bildirib.
Müxalifətçi Azərbaycan Demokrat Partiyası (ADP) ötən ildən siyasi kursunda dəyişiklik edərək iqtidara qarşı konstruktiv mövqe tutmaq, iqtidarı dialoqa çağırmaq barədə qərar çıxarıb. Müxalifətçi Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya Məclisçinin toplantısında növbəti dəfə iqtidarı dialoqa dəvət etdiyini bilidrib.
Rüstəmov hesab edir ki, müxalifətin bu çağırışları qarşılıqsız və cavabsız qalır. Ona görə də müxalifət öz səviyyəsini gözləməlidir: "İqtidarla müxalifət arasında dialoqu, cəmiyyətdə həmrəylik olmasını hamı istəyir. Amma hər gün iqtidara dilaoq təklifi ilə yalvarmaqla, siyasi kursunu dəyişməklə bütövlükdə müxalifətin elektoratına zərbə vururlar. Sərdar Cəlaloğlunun mövqeyi müxalifət daxilində yekdilliyi pozmağa qadir deyil, lakin bu, ən azı suyu bulandırır".
Keçmiş AMİP sədri hesab edir ki, ADP, Müsavat kimi partiyalar özünü hamıdan fərqləndirmək, üstün tutmaqla şəxsi ambisiyalarına daha çox üstünlük verirlər.
AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.