...

Azərbaycanın Ombudsmanı beynəlxalq təşkilatlara Xocalı soyqırımını tanımaları üçün müraciət edib

Siyasət Materials 22 Fevral 2008 14:03 (UTC +04:00)
Azərbaycanın Ombudsmanı beynəlxalq təşkilatlara Xocalı soyqırımını tanımaları üçün müraciət edib

Azərbaycan, Bakı, 22 fevral / " müxbir S.Ağayeva / Azərbaycanın Ombudsmanı beynəlxalq təşkilatlara Xocalı soyqırımını tanımaları üçün müraciət edib.

Müraciətdə Azərbaycan ərazilərinin işğalında və Xocalı soyqırımının törədilməsində günahkar olan erməni terrorçuları və onların havadarlarının cinayət məsuliyyətinə cəlb ediləcəyinə, işğalçı Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunacağına ümid ifadə edilib.

Xocalı soyqırımının 16-cı ildönümü ilə əlaqədar hazırlanmış müraciətdə xalqın ümidi əks olunub ki, Azərbaycana qarşı tətbiq olunan uzunmüddətli erməni təcavüzünə və işğalçı siyasətinə, insan haqlarının kütləvi pozuntusuna son qoyulacaq, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə səylər dəstəklənəcək, işğal olmuş ərazilər qaytarılacaq, etnik təmizləmə siyasətinin qurbanları olan yüz min qaçqın və məcburi köçkün öz evlərinə geri qayıdacaq, onların Konstitusiya hüquqları bərpa olunacaq.

Müraciətdə həmçinin qeyd edilir ki, 16 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət əməli müharibələr tarixində bənzəri olmayan faciədir. Bu faciə nəticəsində 613 dinc Azərbaycan sakini, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə öldürülüb. Mindən artıq şəxs şikəst edilərək əlil olub. 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi indiyədək naməlum qalır.

Sənəd BMT-nin Baş Katibinə, BMT-nin insan hüquqları üzrə Ali Komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanları İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və digər beynəlxalq təşkilatlara ünvanlanıb.

Xəbər lenti

Xəbər lenti