...

Azərbaycan hərbçiləri NATO-nun tədbirlərinə qatılıb

Siyasət Materials 3 Mart 2008 10:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir E.Hüseynli/ NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan Milli Ordusunun hərbçiləri Türkiyə, Avstriya və Niderland Krallığında bu gün işinə başlayan beynəlxalq tədbirlərə qatılıb. Bu barədə bazar ertəsi Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsasları 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" çərçivə proqram-sənədinin imzalanması ilə qoyulub. Azərbaycan, bu Proqramın ilk iştirakçılarından olan ATƏT-in 27 üzv-ölkəsindən biri olub. 1996-cı ilin aprelində "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində, qarşılıqlı əlaqələrin konkret istiqamətlərini müəyyən edən rəsmi sənəd imzalanıb. Hazırda bu proqrama əsasən, Azərbaycan, üzərinə qoyulan təxminən 50 tərəfdaşlıq vəzifələrini yerinə yetirir.

2005-ci ilin avqustunda Azərbaycan prezidenti "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlığına dair iş Planının təsdiq olunması haqqında" fərman imzalayıb. Hazırda əməkdaşlıq, iş Planının ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Məlumata görə, Azərbaycan hərbçiləri Avstriyanın paytaxtı Vyana şəhərində "Vyana-99 sənəd"nin yerinə yetirilməsi üzrə illik 18-ci icmal görüşündə, Türkiyənin İzmir şəhərində başlanılan "Təbii fəlakətlər zamanı humanitar yardım əməliyyatları" mövzusunda kursda iştirak edir. Onlar həmçinin Niderlandın Brunsun şəhərində keçirilən "Qərargah təlimi" kursuna qatılıblar.

Azərbaycan hərbçiləri, bundan əlavə Albaniyanın Tirana şəhərində martın 4-də başlanılacaq "Jombined Endeavor-2008" təliminin yekun planlaşdırma konfransında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti