...

ATƏT rəhbəri İlkka Kanerva Dağlıq Qarabağda gərginliyin artması ilə bağlı ciddi narahatlığını bildirib

Siyasət Materials 6 Mart 2008 12:35 (UTC +04:00)
ATƏT rəhbəri İlkka Kanerva Dağlıq Qarabağda gərginliyin artması ilə bağlı ciddi narahatlığını bildirib

Azərbaycan, Bakı, 06 mart / " , müxbir A.Qasımova/ ATƏT-in fəaliyyətdə olan sədri İlkka Kanerva Dağlıq Qarabağ münaqişəsi tərəflərinin qoşunlarının təmas xəttində hərbi əməliyyatlarla bağlı ciddi narahatlığını ifadə edib və tərəfləri sülh şərtlərinə riayət etməyə çağırıb.

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarının axtarılması üzrə danışıqların həlledici anında təmas xəttində stabilliyin pozulmasına istiqamətlənmiş istənilən əməliyyat vəziyyətə bütövlükdə mənfi təsir göstərə bilər. Mən tərəfləri gələcəkdə gərəksiz qurbanlara gətirib çıxaran əməliyyatlardan qaçmağa çağırıram" - deyə ATƏT-in mətbuat xidmətinin cümə axşamı yaydığı təşkilat rəhbərinin bəyanatında bildirilir.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də gecə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin bir neçə istiqamətində növbəti dəfə atəşkəs rejimini pozublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən martın 5-də verilən məlumata görə, atışma nəticəsində Ermənistan tərəfi 12 hərbi qulluqçusunu itirib, 15 əsgəri isə yaralanıb. Azərbaycan Milli Ordusunun dörd əsgər ölüb, biri yaralanıb. Hazırda qoşunların təmas xəttində vəziyyət nisbi sabitdir.

Kanerva Ermənistan və Azərbaycan rəhbərlikləri ilə danışıqlar apardığını bildirib və regionda stabilliyin saxlanılmasının zəruri olduğunu qeyd edib. "Mənim münaqişə üzrə şəxsi nümayəndəm Andjey Kaspşik hazırda regiondadır və tərəflərlə danışıqlar aparır" - deyə Kanerva bildirib.

Bir gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiya Xarici İşlər Nazirliyi də çıxış edərək, Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda qarşıdurmanın gərginləşməsinə yol verməməyə çağırıb. "Hazırda əsas olan bunun kütləvi hərbi əməliyyatlara keçməsinə və digər təmas xətlərinə qədər genişlənməsinə yol verməməkdir" - deyə RF XİN-i bildirib. Yaranan vəziyyətin həlli üçün 1995-ci il fevralın 4-dən atəşkəs rejiminin möhkəmləndirilməsi barədə Sazişdə nəzərdə tutulan bütün imkanlardan istifadə etmək lazımdır" - deyə bəyanatda bildirilir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını, o cümlədən erməni icmasının da kompakt yaşadığı Dağlıq Qarabağ regionunu işğal edib. Təsdiq olunmamış məlumatlara görə, münaqişə nəticəsində hər iki tərəfdən 25 mindən çox insal həlak olub. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır

Xəbər lenti

Xəbər lenti