...

2007-ci ildə Rusiyanın Azərbaycanla münasibətləri sabit şəkildə inkişaf edib – RF XİN

Siyasət Materials 19 Mart 2008 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart/ Trend , müxbir E.Hüseynov/ 2007-ci ildə Rusiyanın Azərbaycanla münasibətləri heç bir kardinal dəyişikliklərə uğramayaraq, sabit şəkildə inkişaf edib. Bu barədə Rusiya XİN-in "2007-ci ildə RF-nin xarici siyasət və diplomatik fəaliyyəti" icmalında deyilir.

"Azərbaycanın, o cümlədən Türkiyə ilə yaxınlaşmağa yönəlmiş xarici siyasət əlaqələrinin diversifikasiyasını həyata keçirdiyi, ABŞ, NATO və Aİ ilə hərtərəfli qarşılıqlı münasibətləri inkişaf etdirdiyi dövrdə biz, Bakının bizimlə konstruktiv əməkdaşlıq mövqeyində möhkəmlənməsi üçün iş aparmışıq. Fəal siyasi dialoq saxlanılıb" - RF XİN-in rəsmi saytında dərc edilmiş məruzədə deyilir.

İcmalda Azərbaycanın Rusiyadan təbii qaz idxalını dayandırması, Bakı-Novorossiysk boru kəməri ilə öz neftinin tranzitini azaltmasına baxmayaraq, Rusiya maşın və avadanlıqlarının ixracı sayəsində ötən ilin 10 ayı ərzində 1,3 mlrd. dollar təşkil edən mal dövriyyəsinin azalmasında nəzərəçarpacaq dəyişiklik baş verməyib.

Məruzədə deyildiyi kimi, Azərbaycan-Rusiya hərbi və hərbi-texniki əməkdaşlığı Qafqaz regionunda qüvvələr balansının saxlanılması vacibliyi nəzərə alınmaqla həyata keçirlib və RF müdafiə nazirinin noyabrda Bakıya edilən səfəri "bu xəttin düzgün olmasını təsdiqləyib".

"İkitərəfli münasibətlərdə humanitar əməkdaşlıq vacib komponent olub və 2007-2009-cı illər üçün müvafiq Proqram əsasında həyata keçirilib. Rus dilinin, rus informasiya məkanının mövqeyinin saxlanılması, Azərbaycandakı həmvətənlərimizin hüquqlarının təmin edilməsi üzrə tədbirlər görmüşük" - sənəddə qeyd edilir.

İkitərəfli münasibətlərin ayrılmaz hissəsi regionlararası əlaqələrdir. Məruzədə bu əlaqələrdə Moskva, Sankt-Peterburq, Tatarıstan, Dağıstan, Sverdlovsk, Həştərxan vilayətlərinin fəal iştirak etdiyi deyilir.

Xəbər lenti

Xəbər lenti