...

Azərbaycan ziyalıları Dünya Azərbaycanlıları Konqresinə müraciət ediblər

Siyasət Materials 12 Aprel 2008 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın bir qrup ziyalısı Dünya Azərbaycanlıları Konqresinin (DAK) parçalanmaması üçün təşkilatın bütün üzvlərini iyunun 20-22-də Brüsseldə keçiriləcək X növbədənkənar (Birlik) Qurultayda iştiraka çağırır.

"Azərbaycan millətinin dörddən üçü - təxminən qırx milyona yaxın bir toplum hələ də ən adi insani hüquqlardan məhrum edilmiş vəziyyətdə yaşayır. Təəssüf ki, bu gün demokratik dünyanın müvafiq institutları və bəşəri problemlərə cavabdeh qurumları belə bölünmüş Azərbaycanın taleyinə biganədir. Ona görə də bu gün harada yaşamasından, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan türkünün qarşısında mühüm bir vəzifə durur: yad güclərin əli ilə ikiyə parçalanmış Vətənin azadlığı, bütövlüyü uğrunda savaşa qoşulmaq"-deyə müraciətdə bildirilir.

Qeyd olunur ki, belə bir şəraitdə xüsusilə DAK-ın üzərinə böyük məsuliyyət düşür, çünki ikiyə parçalanmış Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılmasında bu təşkilat mühüm imkanlara malikdir. Lakin son zamanlar DAK-ın İdarə Heyəti üzvləri arasında yaranmış fikir ayrılıqları milli hədəfə aparan yolda ciddi maneələrə çevrilib.

"DAK-ın bütövlüyü naminə bütün şəxsi maraqların, qarşılıqlı ittihamların, ümu-küsülərin kənara qoyulmasına, yalnız ictimai mənafelərdən çıxış edilməsinə ehtiyac duyulur"-deyə müraciətdə deyilir və bu böhranın aradan qaldırılması üçün 20-22 iyun qurultayında iştiraka çağırış edilir.

DAK daxilində yaranmış narazılıqlar nəticəsində İdarə Heyəti iki yerə bölünüb. İH-nin 16 nəfər üzvündən 11-i Sabir Rüstəmxanlını DAK-ın sədri seçib və mayın 24-25-də növbədənkənar qurultay keçirməyə hazırlaşırlar. İH-nin qalan üzvləri və tərəfdarları Qulamrza Səbri Təbrizinin sədrliyini dəstəkləyir və iyunun 20-22-də qurultay keçirəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti